Paşinyan: "Deyirlər ki, azərbaycanpərəstəm"

Paşinyan: "Deyirlər ki, azərbaycanpərəstəm" Dünya

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifəti regionda sülh və sabitliyi pozmaq cəhdlərində ittiham edib.

News24.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan parlamentindəki çıxışında bildirib.

“İndi isə onlar belə bir fikir irəli sürürlər ki, guya mən türkpərəstəm, azərbaycanpərəstəm.

Bu insanlar deyirlər ki, onlar sülhə qarşı deyillər. Düzdür, sülhə qarşı olmayıblar, amma, bu müzakirələri regiondan minlərlə kilometr uzaqlarda — Moskvada, Brüsseldə, Ki-Uestdə və s. müzakirə ediblər.

Bir daha deyirəm, bəli, Avstraliya ilə bizim uzunmüddətli və təmin olunmuş sülhümüz var. Amma sülh o zaman sülhdür ki, onu öz regionunda əldə edəsən. Siz sülhü regiondan kənarda axtararaq necə təsəvvür edirsiniz? Bu, müharibədir! Biz bu cəsarəti göstərdik və danışıqlara başladıq.

Deyirlər ki, Paşinyanın razılaşmaları var. Və? Məgər bu aydın deyil ki, bizim razılaşmalarımız var? Əlbəttə, var, hətta bunlar artıq imzalanıb, paraflanıb, bir hissəsi isə ratifikasiya olunub. Məsələ budur ki, onların siyasəti bu razılaşmalara qarşı yönəlib. Bu razılaşmalar sülh və sabitliyin əsasını təşkil edir. Əgər bu əsas aradan götürülsə, sülh və sabitlik də dağılacaq. Burada heç bir təhdid yoxdur, bu, sadəcə açıq və məntiqli bir faktdır.

Seçkilərdə xalq sülhü dəstəkləməlidir ki, bu siyasətlə razı olduğunu və onun sahibi olduğunu göstərsin.

Eyni zamanda vurğulayıram ki, heç vaxt heç bir gizli razılaşmam olmayıb!

Məsələ bundadır — bütün razılaşmalar əldə olunub və dərc edilib! İddia edirdilər ki, biz onlara sülh müqaviləsinin mətnini görməyə imkan vermirik və məhkəmə ilə hədələyirdilər. Biz onlara mətni göstərdik, bəs nə etdilər? Oxuyub gəlib burada yalan məlumatlar yaydılar! İndi həmin mətn dərc olunub, bəs nə vaxt müxalifət əlində mətnlə gəlib konkret bir hissəni müzakirə edib?”, — deyə Nikol Paşinyan bildirib.