Paşinyan: " Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır"
Dünya
Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır, çünki bu, münaqişəyə səbəb olur.
News24.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, bu mövqeyini daha əvvəl də bəyan edib.
Paşinyanın sözlərinə görə, Qarabağın Ermənistanla birləşdirilməsinə çağırışın yer aldığı Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub.
Baş nazir qeyd edib ki, bu məntiqə əməl etmək dövlətin həqiqətən müstəqil olmasına imkan vermir.
Paşinyan həmçinin bildirib ki, Qarabağla bağlı istinadlar hökumətin siyasi gündəliyinə ziddir. Bu səbəbdən o, Erməni Soyqırımı Muzey-İnstitutunun direktoru Edita Qzoyanı istefa verməyə çağırıb.
Səbəb isə onun ABŞ-nin vitse-prezidenti Cey Di Vensə səfəri zamanı qondarma “Artsax”ın tarixi haqqında kitab hədiyyə etməsi olub.
“Mən ondan istefa verməsini xahiş etdim, çünki bunu hökumətin siyasətinə zidd olan təxribat xarakterli addım kimi qiymətləndirdim”, — deyə Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, eyni səbəbdən Erməni Apostol Kilsəsinin rəhbərliyinin Ermənistanda müharibə partiyasına rəhbərlik etdiyini düşünür.
O həmçinin iddia edib ki, kilsə ölkədə cəmiyyətin geniş təbəqələrinə təsir göstərir, lakin onun fikrincə, kilsə kənardan “KQB kanalları vasitəsilə” idarə olunur və bu, dövlət təhlükəsizliyi üçün təhlükə yaradır.