Putin qanun imzaladı - Bu qurumlar Ukrayna dronlarını özləri məhv edəcək

Putin qanun imzaladı - Bu qurumlar Ukrayna dronlarını özləri məhv edəcək Dünya

Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Banka, Sberbanka və xüsusi poçt rabitəsi müəssisələrinə hücumların dəf edilməsi zamanı aidiyyəti qurumların müdaxiləsini gözləmədən pilotsuz aparatların fəaliyyətini müstəqil şəkildə dayandırmağa imkan verən qanun imzalayıb.

News24.az xəbər verir ki, sənəd hüquqi aktların rəsmi portalında dərc olunub.

Qanunla “Poçt rabitəsi haqqında”, “Rusiya Federasiyasının Mərkəzi Bankı haqqında” və “Sberbanka ayrı-ayrı səlahiyyətlərin verilməsi haqqında” federal qanunlara dəyişikliklər edilib.

Sənədə əsasən, bu qurumlar pilotsuz uçuş aparatlarının, eləcə də sualtı və suüstü dronların idarəetmə siqnallarını bloklamaq, onları zədələmək və ya tamamilə məhv etmək hüququ əldə edəcəklər.

İzahat məktubunda qeyd olunub ki, pilotsuz vasitələrdən istifadə edilməklə törədilən diversiya və terror hücumlarının artması fonunda, xüsusilə yeni regionlarda yerləşən Mərkəzi Bank obyektlərinin mühafizəsi prioritet hesab edilir.

Qanun qüvvəyə minənədək pilotsuz aparatların fəaliyyətinin qarşısını almaq hüququ idarə mühafizəsi əməkdaşlarına - Rosqvardiya, Daxili İşlər Nazirliyi, Federal Mühafizə Xidməti, Xarici Kəşfiyyat Xidməti, Federal Penitensiar Xidmət və Rusiya Fövqəladə Hallar Nazirliyi tərkibindəki xilasedici hərbi birləşmələrin hərbçilərinə məxsus idi. /RBC/