Putin Şimali Kipri - TANIDI?

Putin Şimali Kipri - TANIDI? Dünya
Xəbər verdiyimiz kimi, Rusiya Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTY) konsulluq açmağı planlaşdırır. 

Rusiyanın Cənubi Kipr səfirliyinin səlahiyyətlisi bildirib ki, tezliklə Lefkoşa şəhərinin şimalında konsulluq xidmətləri göstərməyə başlayacaqlar. Və işlər müntəzəm həyata keçiriləcək.

Xatırladaq ki,Beynəlxalq Cinayət Məhkəməsi mart ayında Putinin həbsi ilə bağlı order verib və eyni zamanda  Türkiyə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini təsdiqləyib. Bununla belə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Statutunu göz ardına vuraraq Ankaraya gələcək Kreml rəhbərinin həbs olunmayacağına ən yüksək səviyyədə təminat verib. Ekspertlər də, Rusiyanın Şimali Kiprdə konsulluğun açılmasını Putinin Ərdoğana bir jesti kimi xarakterizə edirlər.

Mövzu ilə bağlı News24.az-a danışan beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz bildirdi ki, Rusiyanın Şimali Kipr Türk Cümhuriyyətində konsulluq açması Türkiyə və Kiprdəki türklər baxımından çox önəmlidir.
“Qərardan sonra Rusiya tərəfindən bildirildi ki, bu, Kiprin rəsmi olaraq tanıması kimi qiymətləndirilməməlidir. Lakin Rusiyanın bu addımı həm də ŞKTC beynəlxalq hüquq çərçivəsində daha bir supergüc ölkə tərəfindən tanınması deməkdir. Bu qərar Türkiyə və Şimali Kiprin gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır. İndiki şərtlər daxilində heç bir tanıma olmadığı halda Rusiyanın konsulluq açması gələcəkdə rəsmi olaraq tanımaq üçün zəmin yaradır və proseslərin bu istiqamətdə irəlilədiyini göstərir. Putinin Türkiyəyə səfərindən öncə verdiyi sözügedən qərarı bölgədə sülh üçün atılmış strateji addımdır. Rusiya indiyə kimi tarixdə görülməmiş qədər Türkiyəyə möhtac haldadır. Hazırda Ukraynaya hərbi təcavüzü səbəbindən Qərbin küncə sıxışdırdığı Rusiya Türkiyə ilə dünyaya açılmaq istəyir. Putinin həm özünün, həm də dövlətinin varlığını saxlamaq üçün verdiyi mübarizəni davam etdirir. Belə bir dönəmdə Rusiyanın bu addımı olduqca önəm daşıyır. Rusiyanın belə bir məqamda Şimali Kiprdə konsulluq açması orta şərq coğrafiyasında strateji addımlar atmasından xəbər verir. Eyni zamanda bu prosesdə Türkiyəni də yanında tutmaq istəyir”.

Politoloqun sözlərinə görə, Putinin Şimali Kiprdə açmağı planlaşdırdığı konsulluq Türkiyənin Şərqi Aralıq dənizi diplomatiyasını dəstəkləməsi kimi də qiymətləndirilməlidir.

Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, Rusiyanın Kiprdə  konsulluq xidmətinin açılmasına səbəb adanın şimalında təxminən 50 minə yaxın rusun yaşamasıdır:

“Rusiyadan illər əvvəl ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransa Şimali Kiprdə konsulluqlarını açıb.
Aydındır ki, məsələnin siyasi tərəfi də var. Rusiya prezidenti Vladimir Putin bu ay Türkiyəyə səfər edərək Ərdoğanla müxtəlif əməkdaşlıq məsələlərini müzakirə edəcək. Putinin bu səfər ərəfəsində Şimali Kiprdə  konsulluq xidmətinin açılmasına razılaşması Ərdoğan tərəfindən müsbət qarşılanacaq. Belə bir ab-hava Putin üçün də lazımdır. Çünki “taxıl anlaşmasıyla” bağlı Ankarada razılığın əldə edilməsi mürəkkəb görünür”. 
 
Ayşən Rəhim