Qiyama qalxan “aşpaz"ını Putin - "BAĞIŞLAMADI"
Dünya
Xəbər verdiyimiz kimi, Moskvadan Sankt-Peterburqa uçan “Embraer Legacy 600” biznes təyyarəsinin Tver vilayətində qəzaya uğraması nəticəsində “Vaqner” rəhbəri Yevgeni Priqojin və daha 6 vaqnerçi, o cümlədən 3 ekipaj üzvü ölüb.
News24.az Yevgeni Priqojinin dosyesini təqdim edir:
O, 1 iyun 1961-ci ildə Sankt-Peterburqda anadan olub. Atasını erkən yaşlarında itirib, anası Violletta Priqojina ikinci dəfə ailə qurub. 1977-ci ildə 62 saylı idman internat məktəbini (müasir 1 saylı Olimpiya Ehtiyatları Kolleci) bitirib. Orada o, ögey atası, məşqçi Samuil Fridmanoviç Jarkoydan xizək sürməyi öyrənib.
29 noyabr 1979-cu ildə, Yevgeninin 18 yaşı olanda Leninqrad şəhərinin Kuybışev məhkəməsi Priqojini RSFSR Cinayət Məcəlləsinin 15 və 144-cü maddələrinin 2-ci hissəsinə (oğurluq) əsasən 2 il şərti cəzaya məhkum edib. 1981-ci ildə Priqojinin 20 yaşı olanda Leninqradın Jdanovski məhkəməsi ona RSFSR Cinayət Məcəlləsinin maddələri ilə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib: o, “oğurluq”, “quldurluq”, “dələduzluq”, “yetkinlik yaşına çatmayan şəxsin cinayət fəaliyyətinə cəlb edilməsi” ittihamları ilə cəzalandırılıb. 1988-ci ildə Priqojin əfv olunub və 1990-cı ildə cəza çəkdiyi qəsəbəni tərk edib.
Yevgeni Priqojin Leninqrad Kimya və Əczaçılıq İnstitutunu əczaçı ixtisası üzrə bitirib, lakin Priqojin özü müsahibəsində bu institutda təhsilini başa vurmadığını bildirib.
Priqojini niyə Putinin aşpazı adlandırırlar?
Ögey atası hot-doq hazırlanan bir neçə dükanın sahibi idi, Priqojin də həmin yerlərə nəzarət edirdi. Onun sinif yoldaşı 1993-cü ildə Priqojini supermarketlər şəbəkəsinin meneceri işləməyə çağırır və ona bu işdə 15% verir. Sonra ard-arda bir neçə restoranın sahibi olmağa başlayan iş adamının əsl uğuru “New Island” adlı suda restoran açması olur.
2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin orada Fransanın rəhbəri Jak Şirakla, bir ildən sonra Prezident Corc Buşla nahar edib. Hətta 2003-cü ildə Putin doğum gününü orada qeyd edib. Sonradan “Konkord” şirkətlər qrupunun rəhbəri və sahibi olan Piqojin sahibkarlıq işində heç vaxt uduzmur, əksinə Kremldəki qəbullara və ya prezidentin rəsmi mərasimlərində xidmət etməyə başlayır.
“Bellinüat”, “İnsayder” və “Der Spigel”in araşdırmasına görə, Priqojinin əməliyyatları Rusiya Müdafiə Nazirliyi və Baş Kəşfiyyat İdarəsi ilə sıx bağlıdır. Rusiyadakı "Konkord" şirkəti dövlətin ən yüksək vəzifəli şəxslərinə iaşə xidmətləri ilə məşğul olub. Bunun sayəsində o, mediada “Putinin aşpazı” ləqəbini alıb.
O, Rusiya Federasiyasının Qəhrəmanı, həmçinin qondarma Donetsk və Luqansk “respublikaları”nın qəhrəmanıdır.

“Vaqner” Özəl Hərbi Şirkəti
Priqojin rusiyalı iş adamı, “Konkord” şirkətlər qrupunun rəhbəri və sahibi, “Vaqner”in yaradıcısıdır. O, bu günə kimi Rusiya Prezidenti Vladimir Putinin ən yaxın dostlarından biri hesab olunurdu.
Yevgeni Priqojinin nəzarət etdiyi “Vaqner” qrupu muzdluları Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası da daxil olmaqla, bir sıra Afrika ölkələrində hərbi münaqişələrdə iştirak edib. Onlar Suriyadakı, hərbi əməliyyatlara da qatılıblar ediblər və Prezident Ömər Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər.
Qrup 2022-ci ildə başlayan Ukrayna müharibəsində bir sıra istiqamətlərdə Rusiya ordusunun həyata keçirdiyi hücum əməliyyatlarına cəlb olunub. “Vaqner” ilk dəfə 2014-cü ildə Krım əməliyyatında iştirak edib, referenduma hazırlığa nəzarət vəzifəsini yerinə yetirib. Priqojinin ordusu Donbas müharibəsinin aktiv iştirakçısı olub.

Sərvəti
“Business Peterburq” nəşri 2019-cu ildə “Milyarderlərin reytinqi”ndə Yevgeni Priqojinin sərvətini 14,6 milyard rubl qiymətləndirərək onu 72-ci yerdə göstərib. 2016-cı ildə o, "Citi 812" nəşrinin versiyasına görə Sankt-Peterburqun 30 ən nüfuzlu adamı siyahısına daxil edilib.
Evli olan Yevgeni Priqojinin Polina və Pavel adında iki övladı var. O, 2003-cü ildə övladları ilə birlikdə “İndraquzik” nağıl kitabını yazaraq 1 000 tirajla nəşr etdirib.
Sahibkarlıq fəaliyyəti
Priqojin “bot fermaları”nın yaradıcısı kimi şöhrət qazanıb. 2016-cı ildən ABŞ-ın, 2020-ci ildən Avropa Birliyinin və Böyük Britaniyanın, 2022-ci ildən Avstraliyanın, Kanadanın, Yeni Zelandiyanın və Yaponiyanın sanksiyaları altındadır. 2022-ci ilin iyul ayında ABŞ ABŞ Dövlət Departamenti ABŞ-da siyasi və seçki proseslərinə müdaxilə ilə əlaqədar Yevgeni Priqojin və İnternet Araşdırmalar Agentliyinin 12 digər əməkdaşı haqqında məlumat verənə 10 milyon dollar mükafat elan edib. Federal Təhqiqat Bürosu onun həbsinə köməkliyə görə 250.000 dollara qədər mükafat təklif edir.
2022-ci ilin sonunda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi Priqojini mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində ilin adamı elan edib.
“Vaqner” qiyamı
Priqojin iki ay əvvəl – 23 iyunda Vaqner üsyanı ilə daha çox gündəmə gəldi. O, Rusiyada hərbi sahəsində əsas şəxslərdən hesab olunurdu. 23 iyun 2023-cü ildə Vaqner Qrupunun lideri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun qüvvələrinə hücuma keçməkdə və onun qüvvələrinin böyük hissəsini öldürməkdə ittiham etdi, 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib.
Priqojin Müdafiə Nazirliyinin rəhbərliyindən qisas alacağına söz verdi və qiyam başlatdı. O, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü elan etdi. Rusiya Federal Təhlükəsizlik Xidməti Y. Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb.
Priqojin iyunun 24-də Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlar zamanı onun “özəl ordusunun” kolonlarının Moskvaya doğru irəliləməsini dayandıracağına söz verdi və bu qiyam dayandırıldı.
Sonuncu görüntüsü
Sonuncu dəfə Afrikada ortaya çıxdı
Yevgeni Priqojin Rusiyada iyun qiyamından sonra ilk dəfə videomüraciət etdi. Priqojin harada olduğunu açıqlamasa da, kadrlardakı görüntülərdən onun Afrikadan çağırış etdiyi ehtimal olunurdu. O, müraciətində Afrika xalqlarına azadlıq və firavanlıq diləyib, terror qruplarına qarşı amansız mübarizənin davam edəcəyini bildirmişdi.
Məşhur nəşrlər Priqojinin ölümü ilə bağlı müxtəlif versiyalar yazırlar. Kremlə qarşı üsyan qaldırmış “Vaqner”in yaradıcısının müəmmalı qəzada ölməsindən sonra Rusiya Prezidentinin məşhur deyimi bir daha xatırlandı. “Vaqner”in üsyanından sonra Rusiya prezidenti Vladimir Putin demişdi: “Bağışlamayacağım yeganə şey xəyanətdir”.
Akqabay