Regionda gərginlik artır: Nüvə silahında istifadə oluna bilər?

Regionda gərginlik artır: Nüvə silahında istifadə oluna bilər? Dünya

Son dövrlərdə ABŞ–İsrail və İran arasında artan hərbi gərginlik, xüsusilə də nüvə silahının mümkün istifadəsi ilə bağlı səsləndirilən iddialar regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Müxtəlif ölkələr arasında qarşıdurma riskinin yüksəlməsi fonunda yayılan bu xəbərlər cəmiyyətdə narahatlıq yaradır və münaqişənin mümkün inkişaf ssenariləri barədə sualları artırır.

Maraqlıdır, davam edən hərbi gərginlik nüvə silahından istifadə mərhələsinə çata bilərmi?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Asif Nərimanlı bildirib ki, nüvə silahından istifadə ilə bağlı səsləndirilən iddialar reallıqdan uzaq görünür:

"ABŞ-nin nüvə silahına malik olması rəsmi və məlum faktdır. Lakin İran məsələsinə gəldikdə, bu ölkənin nüvə silahına sahib olduğu təsdiqlənməyib. Məlum olan yalnız İranın zənginləşdirilmiş urana malik olmasıdır, lakin bu materialın real silaha çevrilib-çevrilmədiyi hələ də qeyri-müəyyəndir. Bəzi hallarda İranın gizli şəkildə nüvə silahı hazırladığı ilə bağlı iddialar səslənsə də, bu fikirləri təsdiqləyən konkret və inandırıcı sübutlar yoxdur. Bu baxımdan, hazırkı gərginlik fonunda nüvə silahından istifadənin real ssenari kimi qiymətləndirilməsi doğru deyil".

Politoloq qeyd edib ki, nüvə silahından istifadə ehtimalı daha çox ekstremal və çıxılmaz vəziyyətlərdə gündəmə gələ bilər:

"ABŞ-nin belə bir addım atması üçün ciddi əsas görünmür. Tarixdə bu silahdan istifadə yalnız xüsusi şəraitdə baş verib və hazırkı vəziyyət bu səviyyədə qiymətləndirilmir. ABŞ hərbi baxımdan üstün mövqedədir və mövcud qarşıdurmada məğlub tərəf hesab olunmur. Bu səbəbdən belə radikal addım atmaq üçün zəruri şərtlər mövcud deyil. Digər tərəfdən, nəzəri olaraq İranın belə bir silaha sahib olması halında belə, onun istifadəsi yalnız son seçim kimi mümkün ola bilərdi. Lakin İranın nüvə silahına malik olub-olmaması hələ də açıq sual olaraq qalır".