Romada 2 min illik sirr üzə çıxdı

Romada 2 min illik sirr üzə çıxdı Dünya

Romada qədim Roma dövrünə aid dünyanın ən böyük freska və mozaika komplekslərindən biri ilk dəfə ictimaiyyətə təqdim olunub. Söhbət eramızın I əsrində yaradıldığı ehtimal edilən, dənizkənarı şəhəri təsvir edən nəhəng freskadan gedir.

News24.az xəbər verir ki, artefaktlar Kolizeyin yaxınlığındakı Oppi təpəsində yerləşən Trayan hamamları ərazisində 1990-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanıb.

“Boyalı şəhər” adlandırılan freskada qala divarları ilə əhatələnən liman şəhəri, binalar, teatr, məbəd, meydanlar və qüllələr təsvir olunub, lakin mütəxəssislər burada hansı şəhərin göstərildiyini hələ müəyyən edə bilməyiblər.

Kompleksdə hündürlüyü təxminən 15 metr olan nəhəng mozaika da var. Əsər dörd səviyyədən ibarətdir və mürəkkəb dekorativ kompozisiyalar, sütunlar və memarlıq elementləri ilə bəzədilib. Son restavrasiya zamanı mozaikanın aşağı hissəsində liman şəhərinin daha bir təsviri də aşkar edilib.

Qədim əsərlər hazırda yalnız həftəsonları, maksimum 15 nəfərlik kiçik qruplar üçün nümayiş etdirilir. Mütəxəssislər geniş turist girişinə icazə verməzdən əvvəl əsərlərin rütubət və iqlim dəyişikliklərinə reaksiyasını öyrənmək istəyirlər.