Rusiyada "qara ölüm" yayılır?
Dünya
Rusiyanın İrkutsk şəhərində taunla mübarizə üzrə elmi-tədqiqat institutunda çalışan 28 yaşlı laboratoriya əməkdaşının şübhəli ölümü ağciyər taunu ilə bağlı narahatlıq yaradıb.
News24.az xəbər verir ki, Rusiya hakimiyyəti bölgədə təsdiqlənmiş tauna yoluxma və ya epidemiya olmadığını bildirib.
Məlumata görə, qadın xəstələndikdən sonra xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Rusiya rəsmiləri ölüm səbəbini “mənbəyi müəyyən edilməyən pnevmoniya” kimi açıqlayıb və laboratoriya əməkdaşının fəaliyyəti ilə əlaqəli təhlükəli mikroorqanizm aşkarlanmadığını bildiriblər.
Hadisədən sonra qadının müalicə olunduğu xəstəxanada karantin tədbirləri görülüb, onunla təmasda olan şəxslər tibbi nəzarətə götürülüb.
Bununla belə, Rusiya səhiyyə qurumları İrkutskda təsdiqlənmiş taun xəstəsi olmadığını vurğulayıb.
ABŞ-nin Moskvadakı səfirliyi isə vəziyyəti izlədiyini bildirib.
Açıqlamada bölgədə olan ABŞ vətəndaşlarından yerli səhiyyə orqanlarının göstərişlərinə əməl etmələri, təsirlənmiş tibb müəssisələrindən uzaq durmaları və qızdırma və ya tənəffüs yolları ilə bağlı simptomlar müşahidə olunarsa, dərhal tibbi yardım almaları xahiş edilib.
ABŞ vətəndaşlarına həmçinin bölgədən ayrıldıqdan sonra 14 gün ərzində sağlamlıq vəziyyətlərini izləmələri tövsiyə olunub.
ABŞ-nin Rusiya ilə bağlı daha əvvəl qüvvəyə mindirdiyi “Səfər etməyin” səviyyəsindəki xəbərdarlığın qüvvədə qaldığı xatırladılıb.
Rusiyada olan ABŞ vətəndaşlarına ölkəni tərk etmələri barədə mövcud tövsiyə də təkrarlanıb.
Qeyd edək ki, taun xəstəliyinin yayılması barədə məlumat hazırda Rusiya tərəfindən təsdiqlənməyib.