Sərnişin təyyarəsinin havada mühərriki alışdı
Dünya
ABŞ-nin “American Airlines” aviaşirkətinə məxsus, göyərtəsində 120 sərnişinin olduğu “Airbus A319” təyyarəsi mühərrikində yanğın baş verməsi səbəbindən Arizona ştatının Finiks şəhərindəki hava limanına təcili eniş edib.
News24.az xəbər verir ki, təyyarə havaya qalxdıqdan dərhal sonra dispetçerlər ekipaja xəbərdarlıq ediblər.
“American 3230 reysi, arxanızca havaya qalxan “SkyWest” təyyarəsinin ekipajı mühərriklərinizdən birindən alov çıxdığını və yanacaq və ya başqa mayenin sızdığını gördüklərini bildirib”, - xəbərdarlıqda qeyd edilib.
Buna cavab olaraq pilot hidravlik sistemdə nasazlıq olduğunu bildirib, bir neçə dəfə təhlükə siqnalı göndərib və Finiks Beynəlxalq Hava Limanına geri qayıtmaq üçün icazə istəyib. O, təyyarənin göyərtəsində 120 nəfərin və təxminən 8,6 ton yanacağın olduğunu da qeyd edib.
Uçuş məlumatlarına əsasən, Finiks şəhərinin şərqində istiqamətini dəyişən təyyarə havaya qalxdığı hava limanına qayıdaraq eniş edib.