Taxıl sazişinin müddəti bitdi: bundan sonra nələr olacaq? – - PROQNOZLAR

Taxıl sazişinin müddəti bitdi: bundan sonra nələr olacaq? – - PROQNOZLAR Dünya
Rusiya-Ukrayna müharibəsindən təkcə münaqişə tərəfləri deyil, həm də adı çəkilən ölkələrlə idxal-ixrac, eləcə də bank və maliyyə əməliyyatları aparan, bununla yanaşı müharibəyə qətiyyən aidiyyatı olmayan dövlətlər də ziyan çəkdi. 

Ötən il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT-nin təşəbbüsü ilə imzalanmış sənəd taxıl və taxıl məhsullarının Ukrayna limanları vasitəsilə idxalçı ölkələrə, əsasən də Afrika kontingentinə göndərilməsini nəzərdə tuturdu. Martın 18-də rəsmi Moskva sənədin müddətini 18 may tarixinə, həmin müddət bitdikdə isə bugünkü tarixədək uzadıldı. 

Bundan sonra Kreml təşəbbüskarlara sözügedən sənədin yalnız adı çəkilən ölkəyə aid hissəsinin icra olunduğu, Rusiyada istehsal olunan ərzaq və qeyri-ərzaq mallarının ixracına isə icazə verilmədiyi ilə bağlı bir neçə dəfə etiraz yönəltdi. Hətta iyulun 13-də Rusiya prezidenti Vladimir Putin sənədin yalnız ölkəsinə aid hissəsinin icrası ilə bağlı təzyiqlər barədə bəyanat verdi. O, həm də xəbərdarlıq etmişdi ki, məhdudiyyətlərə etiraz olaraq, ölkəsi hər an sazişdən çıxa bilər. Buna əsas kimi həm də Moskvanın Ukraynanı hərbi təxribatlarda ittiham etməsi göstərilirdi. Rusiya iddia edirdi ki, Ukrayna ordusu Sevastopol şəhərini, həmçinin Qara dənizdən keçən gəmiləri intensiv atəşə tutur. Bu isə İstanbul razılaşmalarına ziddir. 

BMT-nin hesabatına görə, razılığın əldə olunmasından keçən müdətdə Ukrayna ərazisindən 32,8 milyon ton taxıl ixrac edilib. Bu rəqəmin 2,5 faizi aşağı gəlirli, daha dəqiq yoxsulluqdan əziyyət çəkən ölkələrə istiqamətlənib. Onların arasında Afrika regionu, Əfqanıstan və Yəmən var. Vəziyyətin ciddiliyini nəzərə alaraq, BMT-nin baş katibi Antoniu Quterreş iyulun 11-də Rusiya prezidenti Vladimir Putinə taxıl sazişinin müddətinin uzadılması barədə təkliflərini göndərib. Bununla belə o, məktubun detallarını açıqlamayıb. 

Digər bir vacib məqam isə 2022-ci ildəki Şərq İqtisadi Forumunda Putinin Qərbin taxıl tədarükü məsələsində yalnız öz maraqlarını düşünməsini bəyan etməsidir. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov sənədin ölkəsinə aid hissəsinin icra olunmamış qaldığını dəfələrlə bildirib. O qeyd edib ki, əldə olunan məlumatlar taxıl yüklü gəmilərin əvvəlcədən nəzərdə tutulduğu kimi yoxsulluqdan əziyyət çəkən ölkələrə deyil, bilavasitə Qərb dövlətlərinə göndərildiyini göstərir. Hətta bu məlumat sazişin icrası üzrə Xüsusi Koordinasiya Mərkəzinin açıqlamasında da təsbit olunub. Sənəddə bildirilib ki, taxıl idxalına ehtiyac duyan ölkələrə Ukraynadan göndərilən qarğıdalının 10, taxılın isə yalnız 40 faizi çatdırılıb. Mərkəzdən bildirilib ki, məhsulun əksər hissəsi inkişaf etmiş ölkələrə yönəldilib.  Rusiya da Xarici İşlər Nazirliyi vasitəsilə həmin məlumatları əsas gətirərək sazişin uzadılması üçün əsas olmadığını bəyan edib.
 

Lakin hər bir halda rəsmi Ankara sənədin müddətinin uzadılması, bununla da yarana biləcək taxıl böhranının qarşısını almaq istiqamətində səylərini davam etdirir. Böhran demişkən, Türkiyə tərəfi SOS vəziyyətinin yaranmaması üçün Ukraynanın ixraca hazır olan 100 min tonlarla taxıl ehtiyatının Odessa limanlarından bilavasitə özünün təhlükəsizlik təminatı altında çıxarılmasını təklif edir. Qəbul olunarsa, Türkiyənin hərbi gəmiləri Rusiya tərəfini xəbərdar etməklə, taxıl daşıyan tankerləri konvoy üsulu ilə müşahidə edəcək. Bununla da, Ukrayna taxılının dünya bazarlarına doğru çıxarılması təmin olunacaq:

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, hazırda bu təklifin reallaşması istiqamətində iş aparılır:  

“Ukraynanın yerdə qalan taxılının da ixracatının təminatı məqsədilə Türkiyənin Hərbi Dəniz Qüvvələri 1 nömrəli hazırlıq vəziyyətinə gətirilib. Üstəlik, Rusiyaya da xəbərdarlıq edilib ki, onlar Odessa limanını atəşə tutarsa, Türkiyə hökuməti bu addımı ölkəsinə qarşı atılan addım kimi qəbul edəcək və Rusiya ilə münasibətlərə yenidən baxmaq zərurəti qarşısında qalacaq. Bununla belə, Türkiyə prezidenti ümidlidir ki, Rusiya anbarlarda qalan taxılın satışında maraqlıdır.  Çünki bu addım adıçəkilən ölkəyə 10 milyard dollardan çox gəlir gətirə bilər. Ağır iqtisadi vəziyyətdə o, həmin gəlirdən imtina etməyəcək. Amma bunun üçün Türkiyə liderinin vasitəçiliyi və BMT rəhbərliyi ilə əlaqə yaradaraq, bu ixracı təşviq etməsi gündəmdədir. Zənn edirəm ki, taxıl ixracatı dayanmayacaq, üstəlik, Ukrayna taxılı ilə bərabər Rusiyada tədarük edilən analoji məhsulu da üçüncü ölkələrə göndərmək mümkün olacaq”.

Türkiyə tərəfinin bu məsələdə vasitəçi olmasına gəlincə, ekspertlər bunda bir neçə məqsədin ola bildiyini düşünürlər. Onların fikrincə, birincisi və ən önəmlisi odur ki, rəsmi Ankara sözügedən razılaşmaya gələcəkdə Ukrayna ilə Rusiya arasında baş tuta biləcək sülh danışıqlarına və münasibətlərin tənzimlənməsinə giriş qapısı kimi baxır. 

Siyasi ekspert Natiq Miri News24.az-a açıqlamasında Türkiyənin bu məsələdən imtina etməyəcəyi qənaətində olduğunu bildirib: 

“Ola bilsin ki, yaxın zamanlarda Türkiyə və Rusiya prezidentləri arasında telefon danışıqları da baş tutsun. Bilirsiniz ki, Türkiyə prezidenti Rusiyalı həmkarını avqust ayında Türkiyəyə səfərə dəvət edib. Hələlik bu səfərdən imtina barədə konkret fikir ortada yoxdur. Ona görə də düşünürəm ki, bu məsələ hələ də açıq qalır və yeni taxıl razılaşmasının imzalanması perspektivi istisna edilmir. Çünki bu sazişdən imtina Rusiya dövləti və onun başçısı üçün yaxşı heç nə vəd etmir. Ona görə ki, bundan imtina olunması həm də Türkiyə ilə münasibətlərə xələl gətirəcək. Bu da Rusiya üçün arzuolunan deyil. İkincisi, taxıl sazişindən imtina təkcə Türkiyə ilə deyil, bu gün Rusiyanı müəyyən mənada təqdir edən bəzi Afrika  dövlətlərini də narazı salacaq. Bilirsiniz ki, bu saziş nəticəsində ixrac olunan taxılın böyük hissəsi bu regionda yerləşən ölkələrə yönəlib. Ona görə də mən bu iki məqamı nəzərə alaraq, yaxın perspektivdə razılaşmanın uzadılması ilə bağlı yeni razılaşmanın əldə olunacağını düşünürəm”.

Proqnozlardan və hadisələrin bundan sonra hansı məcrada inkişaf edəcəyindən asılı olmayaraq, aydındır ki, razılaşmanın müddətinin uzadılmaması dünya bazarlarında təkcə taxıl və taxıl məhsullarının deyil, ərzaq və qeyri-ərzaq mallarının da bahalaşmasına rəvac verəcək. Əgər liderlər siyasi iradə nümayiş etdirməyib, ambisiyalarını üstün tutsalar..

Fərid Azəri