Tramp İranla danışıqları dayandırıb?
Dünya
"İranla danışmıram, onlara hər hansı təklif irəli sürmürəm".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkə hesabında yazıb. O, delaverli senator Kris Kunsa müraciətlə diqqətə çatdırıb ki, sələfi Barak Obamadan fərqli olaraq, İrana "milyardlar ödəmir".
Tramp öz qısa yazısında vurğulayıb ki, İranla 2015-ci ildə məhz Obamanın dövründə imzalanmaış, ancaq özünün hakimiyyətə ilk dəfə gəldiyi dövrdə ABŞ-nin çəkildiyi "Birgə Hərtərəfli Fəaliyyət Planı" (JCPOA) "axmaq saziş"dir.
"Tehranın nüvə obyektlərini tamamilə sıradan çıxarandan bəri artıq onlarla danışmıram", - ABŞ lideri qətiliklə söyləyib. O, beləliklə, cümə günü mətbuatda "Vaşinqtonun İrana mülki enerji məqsədilə nüvə proqramının qurulması üçün 30 milyard dollar yardım planı" barədə yayılan yayılan xəbərləri yalanlayıb.
Tramp: "İranı yenidən vurarıq"
Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarıb, İran isə əsasən İsraildəki yaşayış məntəqələrinə raket buraxıb. ABŞ-nin, şəxsən Prezident Donald Trampın müdaxiləsi nəticəsində tərəflər arasında atəşkəs qüvvəyə minib. 12 günlük müharibə ərzində hər iki ölkədə çoxsaylı mülki insan itkisi baş verib, o cümlədən İranın bir sıra ali hökumət və ordu nümayəndələri həyatını itirib.