Trampın bu açıqlamasından sonra neftin qiyməti artdı
Dünya
ABŞ Prezidenti Donald Trampın son çıxışından sonra dünya bazarlarında "Brent" markalı neftin qiyməti təxminən 5% artaraq 106,16 dollara çatıb.
News24.az xəbər verir ki, Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə başa çatacağına dair ümidlər Ağ Ev rəhbərinin İrana qarşı daha aqressiv zərbələr vəd etməsindən sonra zəifləyib. ABŞ liderinin bu kəskin açıqlaması münaqişənin həlli ilə bağlı daha aydın və sülhməramlı siqnallar gözləyən investorları məyus edərək bazarlarda qeyri-müəyyənliyi artırıb.
Aprelin 2-də xalqa müraciət edən Donald Tramp İrana qarşı hərbi əməliyyatın məqsədlərinə tezliklə nail olunacağını və prosesin yaxın həftələrdə yekunlaşa biləcəyini qeyd edib. Bununla belə, o, qarşıdakı həftələrdə İslam Respublikasına güclü zərbələr endiriləcəyini vəd edərək gərginliyi pik həddə çatdırıb.
ABŞ Prezidenti hesab edir ki, döyüş əməliyyatları başa çatdıqdan sonra strateji əhəmiyyətli Hörmuz boğazında gəmilərin hərəkəti təbii şəkildə bərpa olunacaq. O həmçinin əlavə edib ki, rəsmi Vaşinqton bu marşrut vasitəsilə həyata keçirilən neft tədarükündən demək olar ki, asılı deyil. (reuters)