Tupakın ölümü ilə bağlı 30 ildən sonra qərar verildi
Dünya
ABŞ-də məhkəmə 63 yaşlı Dueyn “Keffi Di” Devisi məşhur hip-hop ifaçısı Tupak Şakurun qətlinin təşkilində təqsirli bilib.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Devis “Southside Compton Crips” küçə qruplaşmasının keçmiş lideri olub.
O, odlu silahdan istifadə etməklə qətldə ittiham olunub, lakin günahını qəbul etməyib.
Nevada qanunlarına əsasən, Devis şəxsən atəş açmasa belə, qətldə məsuliyyətə cəlb oluna bilər.
Məhkəmə prosesi avqustun 17-də başlayıb.
Prokurorluq məhkəməyə Şakur və dostlarının 1996-cı ilin sentyabrında kazinoda Devisin qardaşı oğlunu döyməsindən sonra qəzəblənməsindən danışan söhbətlərin audioyazılarını təqdim edib.
İstintaq Şakurun qətlinin qisas məqsədilə törədildiyi qənaətinə gəlib.
Həmin gecə Tupak və dostları Las-Veqasdakı kazinolardan birində Devisin qardaşı oğluna hücum ediblər.
Bundan sonra Devis üç kişi, o cümlədən qardaşı oğlu ilə birlikdə reperi axtarmaq üçün yola çıxıb.
Onlar Şakur və Marion “Şuqa” Naytın olduğu avtomobili tapandan sonra sərnişinlərdən biri atəş açıb.
Devislə birlikdə avtomobildə olan üç nəfərin artıq öldüyü bildirilib. Atəş açan şəxsin kimliyi isə hələ də məlum deyil.
Qeyd edək ki, Tupak Şakur 7 sentyabr 1996-cı ildə Las-Veqasda Mayk Taysonun döyüşünə baxdıqdan sonra gecə klubuna gedərkən avtomobildən açılan atəş nəticəsində yaralanıb.
O, sentyabrın 13-də aldığı güllə yaralarından xəstəxanada vəfat edib.