Turistlərin ən çox kobudluqdan şikayət etdiyi şəhərlər – gözlənilməz siyahı
Dünya
Xaricə səyahət edən turistlərin yerli sakinlərin davranışı ilə bağlı ən çox şikayət etdiyi ölkə və şəhərlərin siyahısı açıqlanıb.
News24.az xəbər verir ki, “Daily Mail”in yazdığına görə, turistlərin kobudluq və soyuq münasibətdən şikayət etdiyi istiqamətlər arasında Paris, İtaliya, Almaniya, Cənubi Koreya, Nyu-York, Monteneqro, həmçinin Polşa, Çexiya və Macarıstan yer alıb.
Ekspertlər bildiriblər ki, turistlərin bəzən hörmətsizlik kimi qəbul etdiyi davranışlar əslində həmin ölkələrin mədəni xüsusiyyətləri ilə bağlı ola bilər.
Parisdə xüsusilə fransız dilində danışmayan turistlərin münasibətdən narazı qaldığı qeyd edilir. İtaliyada isə növbə mədəniyyəti ilə bağlı fərqli yanaşmalar xarici qonaqların narazılığına səbəb olur.
Almaniyada bəzi turistlər informasiya mərkəzləri, vağzallar və mağazalarda əməkdaşların soyuq və kobud davrandığını bildiriblər. Seulda isə küçə və ictimai nəqliyyatda insanların bir-birinə yaxın olması, itələşmə və personalın sərt davranışı turistlərin diqqətini çəkib.
Nyu-Yorkda isə yerli sakinlərin tələsik və soyuq ünsiyyət tərzi turistlər tərəfindən kobudluq kimi qiymətləndirilib.
Ekspert vurğulayıb ki, Polşa, Çexiya və Macarıstanda müşahidə olunan soyuq və təmkinli ünsiyyət də əsasən mədəni və tarixi xüsusiyyətlərlə bağlıdır. Onun sözlərinə görə, bu davranış turistlərə qarşı şəxsi münasibət kimi qəbul edilməməlidir.