Türkiyədə müharibə hazırlığı - Nazirliklərə təcili göstəriş və yeni təyinatlar

Türkiyədə müharibə hazırlığı - Nazirliklərə təcili göstəriş və yeni təyinatlar Dünya

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) istisna olmaqla, ölkədəki bütün nazirliklərdə Fövqəladə Hallar və Müdafiə Planlaşdırması İdarəsi yaradılib.

News24.az xəbər verir ki, idarə müharibə vəziyyəti üçün hazırlıq və koordinasiya işlərini həyata keçirəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Rəsmi Qəzet"də məlumat yayılıb.

Fövqəladə Hallar və Müdafiə Planlaşdırması İdarəsi 2025-ci ilin oktyabrında yayımlanan fərmanla təsis edilib. Bu gün isə idarədə vəzifələrə təyinatlar həyata keçirilib.

Rəsmi Qəzetdə yayımlanan məlumata görə, bu idarələrə tabe olan və əlaqəli qurumların fəlakətlər və fövqəladə hallar, mülki müdafiə, səfərbərlik və müharibə vəziyyətinə hazırlıq ilə bağlı işlərinin icrası izlənəcək və koordinasiya olunacaq.

Bu idarələr həmçinin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) Fövqəladə Hallar İdarəetmə Mərkəzində öz nazirliklərini təmsil edəcək.

AFAD tərəfindən tələb olunan imkan və resursların yönləndirilməsi və müvafiq nazirliklərin məsuliyyətində olan işlərin yerinə yetirilməsini təmin edəcəklər.

Eyni zamanda, bu idarə Prezident Administrasiyası və fövqəladə hallar idarəetmə mərkəzlərinə lazımi məlumat axınını təmin edəcək və nazirlər tərəfindən verilən tapşırıqları icra edəcək.

Bu qurumun məqsədi nazirliklərin fəlakət və fövqəladə hallar, mülki müdafiə, səfərbərlik və müharibəyə hazırlıq sahəsində fəaliyyətini koordinasiya etmək, Prezident Administrasiyası və AFAD ilə məlumat mübadiləsini təmin etmək, tələb olunan resursların yönləndirilməsini təşkil etməkdir.

Milli Müdafiə Nazirliyi isə müharibə və müdafiə hazırlığının əsas icraçısı olduğu və daim bu sahədə fəaliyyət göstərdiyi üçün belə bir ayrıca struktur bölməsinə ehtiyac duymur.