Ukrayna Aİ-yə bir addım yaxınlaşır? – Zelenskidən tarix tələbi
Dünya
Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı sazişdə konkret tarix göstərilməlidir.
News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Əgər müqavilədə tarix olmasa, Rusiya sonradan prosesi bloklamaq üçün əlindən gələni edəcək. Həm də bunu birbaşa özü yox, Avropadakı müəyyən nümayəndələrin əli ilə edəcək. Biz klasterlərin açılmadığı halların şahidi olmuşuq,” – Zelenski vurğulayıb.
Xatırladaq ki, daha əvvəl KİV Aİ-nin Ukraynanın yaxın illərdə qismən üzvlüyü imkanını müzakirə etdiyini yazıb. Hazırlanan plana əsasən, Ukrayna tamhüquqlu üzvlük üçün bütün prosedurlar və meyarlar başa çatmadan əvvəl Aİ-nin fəaliyyətində məhdud iştirak hüququ əldə edə bilər.
Bildirilirdi ki, Brüssel artıq altı danışıqlar klasterindən üçü üzrə tövsiyələri Ukraynaya təqdim edib, qalanlarının isə yazda təqdim olunması planlaşdırılır.
Müsbət ssenariyə əsasən, Ukraynanın Aİ-yə tam üzvlüyü 2027-ci ilə nəzərdə tutulur.