Ukraynaya 51 dollar ianə etdi, - azadlıqdan məhrum edildi

Ukraynaya 51 dollar ianə etdi, - azadlıqdan məhrum edildi Dünya

ABŞ və Rusiya vətəndaşlığı olan həvəskar balerina Kseniya Karelina Ukraynaya 51 dollar bağışladığı üçün 12 il müddətinə azadlıqdan məhrum edilib.

News24.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumunun ilk günündə, 24 fevral 2022-ci ildə Ukraynaya dəstək üçün xeyriyyə təşkilatına etdiyi 51 dollarlıq ianə gənc qadının azadlığı bahasına başa gəlib.

ABŞ-ın Los-Anceles şəhərində yaşayan və 2021-ci ildə ABŞ vətəndaşlığını alan Karelina ötən fevral ayında ailəsinə baş çəkməyə gəldiyi Rusiyanın Yekaterinburq şəhərində saxlanılıb.

Qeyd edək ki, ötən həftə hakim qarşısına çıxan 33 yaşlı Karelina üçün 15 il həbs cəzası istənilib.

Məhkəmə həvəskar balerinanı "vətənə xəyanət"də təqsirli bilib və Karelinanı 12 il müddətinə azadlıqdan məhrum edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Karelinanın ianə etdiyi təşkilatın Ukraynaya tibbi dəstək materialları, avadanlıq, silah və sursat alınması üçün pul topladığını iddia etsə də, sözügedən qurum FSB-nin iddialarını qəbul etməyib.

Günel Məlikzadə