"Vaqner" tarixin arxivinə göndərildi" - RƏY

"Vaqner" tarixin arxivinə göndərildi" - RƏY Dünya

"Kreml hakimiyyəti devirmək istəyənləri eyni anda cəzalandırdı".

Bu fikirləri News24.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan bildirib.

O deyib ki, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Rusiya xüsusi xidmət orqanlarının əli ilə zərərsizləşdirilib:

"İstər Ukrayna müharibəsi dövründə, istərsə də Kremlə silahlı yürüşü zamanı Priqojin bütün kartlarını açmışdı. O Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun istefasını tələb edirdi. Onun və dəstə üzvlərinin hökmü artıq o zaman verilmişdi. "Vaqner" bilavasitə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğu üçün Belarusa səfəri zamanı yox, məhz Afrikaya gedərkən tarixin arxivinə göndərildi".

Ekspert həmçinin, "vaqnerçilərin" sonrakı taleyini də dəyərləndirib:

"Bundan sonra "Vaqner" üzvləri ya müqavilə imzalayıb ordunun tərkibində vuruşacaq, yaxud onların da aqibəti bu tipli hadisələrlə nəticələnəcək. Ehtimal edirəm ki, Baş verən bu hadisə Putinə qarşı çıxanlara bir ismarışdır. Rusiya prezidenti hər kəsi xəbərdar edir ki, mövcud hərbi-siyasi kursa qarşı çıxanların aqibəti Priqojinlə oxşar olacaq. Kimsəyə sirr deyil ki, Y. Priqojin "Vaqner"i Kremlin xeyir-duası ilə yaratmışdı. Deməli, o "de-fakto" Rusiya Silahlı Qüvvələrinin bir qoludur. Rusiya özünü "Vaqner"in kölgəsində gizlətmişdi. Ehtimal edirəm ki, perspektivdə eynilə İŞİD və "Əl-Qaidə" xofu kimi Rusiya da "Vaqner" xofunu həm Avropa, həm də Qərb üçün saxlayacaq".

Fərid Azəri