Vitkoff bu tarixdə Moskvaya səfər edəcək
Dünya
Kreml ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun gələn həftə Moskvaya səfər edəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, Prezident Vladimir Putinin müşaviri Yuri Uşakov səfərlə bağlı ilkin razılığın əldə olunduğunu bildirib.
Uşakovun sözlərinə görə, Vitkoffla yanaşı, Ukrayna məsələsi üzərində çalışan digər ABŞ rəsmiləri də nümayəndə heyətində yer alacaq. Ukrayna üzrə danışıqlarda iştirak edən Den Driskollun da heyətə qoşulması gözlənilir.
Uşakov yüksək səviyyəli Rusiya–ABŞ rəsmiləri arasındakı telefon danışığının sızdırılmasını “sülh danışıqlarını pozmağa yönəlmiş addım” adlandırıb.
"Bloomberg"in məlumatına əsasən, Vitkoff 14 oktyabr tarixində Uşakovla telefon danışığında Ukrayna üçün atəşkəs planı üzərində birgə işləməyi təklif edib və Putinin məsələni Trampla müzakirə etməsinin vacibliyini vurğulayıb.
Uşakov sızıntının səbəbi haqqında isə bildirib: “Yəqin ki, sülhü əngəlləmək üçün edilib. Münasibətləri yaxşılaşdırmaq məqsədi daşıdığı inandırıcı görünmür".