"WhatsApp" üzərindən böyük fırıldaq
Dünya
Telefonunuza gələn hər zəngə inanmayın. Fırıldaqçılar daha hiyləgər üsullara əl atıblar.
News24.az xəbər verir ki, rəsmi qurumların açıqlamasına görə, bu zəng tələsi bank hesabınızı saniyələr içində boşalda bilər. ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) amerikalıları hədəf alan və milyardlarla dollar ziyana səbəb ola biləcək “Hayalet Hacker” (Phantom Hacker) adlı yeni fırıldaqçılıq üsulu barədə təcili xəbərdarlıq edib.
Ən təhlükəli məqam odur ki, fırıldaqçılar qurbanlarından heç bir proqram yükləməyi tələb etmirlər. Sadəcə "WhatsApp" ın ekran paylaşımı funksiyasından istifadə etməklə bütün bank hesablarını ələ keçirə bilirlər.
Fırıldaqçılıq ssenarisi belə işləyir:
1. İlk əlaqə: Bankdan gəldiyi görünən zəng və ya mesajla başlayır.
2. Təhlükə bəhanəsi: Hesabınızın kiberhücum altında olduğu və pullarınızı “təhlükəsiz hesaba” köçürməyə kömək edəcəkləri deyilir.
3. "WhatsApp" a yönləndirmə: İnam qazandıqdan sonra sizi "WhatsApp" üzərindən görüntülü zəngə dəvət edirlər.
4. Ekran paylaşımı tələbi: Hesabınızı yoxlamaq və ya “təhlükəsiz köçürmə” bəhanəsi ilə ekran paylaşmağınızı istəyirlər.
5. Oğurluq anı: Siz ekranı paylaşan kimi fırıldaqçılar bank tətbiqinə girişlərinizi, şifrələrinizi və əməliyyatlarınızı canlı izləyərək bütün vəsaitinizi öz hesablarına köçürürlər.
6. Əlavə təhlükə: "WhatsApp" zənglərinin ucdan-uca şifrələnməsi bu fırıldaqçılığa müdaxilə imkanlarını məhdudlaşdırır.
Necə qorumalısınız?
Rəsmi qurumlar və kibertəhlükəsizlik mütəxəssisləri bu sadə, amma həyati qaydaları xatırladır:
Ekranınızı paylaşmayın: Bank, texniki dəstək və ya başqa bir qurum adından zəng edən tanımadığınız şəxslərə ekran paylaşımı etməyin.
Dərhal zəngi dayandırın. Sizdən ekran paylaşımı tələb olunarsa, söhbəti dərhal bitirin.
Rəsmi kanallardan istifadə edin. Bank və digər qurumlarla yalnız onların rəsmi saytında və ya kartın üzərində qeyd olunan nömrələrlə əlaqə saxlayın.
Şübhəli zənglərə cavab verməyin. Təhlükəli vəziyyəti dərhal aidiyyəti qurumlara bildirin.
Xeyrənsə Piriyeva