Yaşamaq üçün ən yaxşı və ən pis şəhərlər - SİYAHI

Yaşamaq üçün ən yaxşı və ən pis şəhərlər - SİYAHI Dünya

2026-cı il üzrə əcnəbilər üçün yaşamaq baxımından dünyanın ən yaxşı şəhərlərinin qlobal reytinqi açıqlanıb.

News24.az xəbər verir ki, “Euronews”un məlumatına görə, 33 şəhərin yer aldığı siyahıya Birləşmiş Ərəb Əmirliklərinin Ras əl-Xaymə şəhəri başçılıq edib. Nyu-York, London və Berlin kimi böyük meqapolislər isə reytinqin son sıralarında qərarlaşıb.

Qlobal platformanın keçirdiyi sorğuda dünyanın müxtəlif ölkələrindən 7 786 əcnəbi iştirak edib. Respondentlər şəhərləri şəxsi maliyyə imkanları, məskunlaşma asanlığı, həyat keyfiyyəti, gündəlik ehtiyacların qarşılanması və xaricdə iş şəraiti kimi meyarlar üzrə yeddi ballıq şkala ilə qiymətləndiriblər.

Ras əl-Xaymə məskunlaşma asanlığı, iş mühiti və əcnəbilərin əsas ehtiyaclarının qarşılanması göstəricilərinə görə birinci, şəxsi maliyyə kateqoriyasında isə ikinci yeri tutaraq ümumi reytinqin qalibi olub.

İlk onluqda Avropa şəhərləri üstünlük təşkil edib. İspaniyanın Malaqa şəhəri üçüncü, Madrid səkkizinci, Valensiya isə doqquzuncu pillədə qərarlaşıb. Portuqaliyanın paytaxtı Lissabon altıncı, Niderlandın Haaqa şəhəri də ilk onluqda yer alıb.

Malaqa xoşbəxtlik göstəricisinə görə birinci olub. Sorğu iştirakçılarının 86 faizi bu şəhərdəki həyatından məmnun olduğunu, 51 faizi isə ömrünün qalan hissəsini burada keçirməyi planlaşdırdığını bildirib. Valensiya isə ardıcıl dördüncü dəfə həyat keyfiyyəti kateqoriyasında liderliyini qoruyub.

Türkiyənin İstanbul şəhəri 33 şəhər arasında 30-cu yerdə qərarlaşıb. Şəhərin əməkhaqqı, iş təhlükəsizliyi və iş mədəniyyəti ilə bağlı göstəriciləri aşağı qiymətləndirilib.

Almaniyanın reytinqə daxil olan dörd şəhəri də son onluqda yer alıb. Bu nəticəyə mənzil təminatı, dil baryeri və rəqəmsal həyatla bağlı göstəricilərin aşağı olması təsir edib. Berlin isə 33-cü pillədə qərarlaşaraq siyahının sonuncusu olub.