Yeni Baş nazirdən Ukrayna ilə bağlı diqqətçəkən bəyanat

Yeni Baş nazirdən Ukrayna ilə bağlı diqqətçəkən bəyanat Dünya

Macarıstanın yeni Baş nazirinin gələcək hökuməti Ukrayna ilə dostluq münasibətləri qurmağı planlaşdırır.

News24.az xəbər verir ki, bunu "Tisa" partiyasının lideri və Macarıstanda parlament seçkilərinin qalibi Peter Madyar mətbuat konfransında bildirib.

"Tisa" hökuməti bütün qonşu ölkələrlə müttəfiqlik, mümkünsə, dostluq münasibətlərinə can atacaq", - o, "Tisa" hökumətinin Ukraynaya münasibətdə siyasəti ilə bağlı sualı cavablandırarkən deyib.

Madyar, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə mümkün görüşlə bağlı sualı da cavablandırıb.

"Başqa yerdə olmasa belə, biz Avropa Şurasında mütləq görüşəcəyik", - "Tisa" lideri bildirib.

Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avro məbləğində kredit ayırmasına gəldikdə isə o qeyd edib ki, Aİ ölkələri bu qərarı Avropa Şurasının dekabrda keçirilən sammitində qəbul ediblər və onu dəyişdirməyin mənası yoxdur. Eyni zamanda, Madyar vurğulayıb ki, Macarıstan çətin maliyyə vəziyyətində olduğu üçün ölkə bunda maliyyə cəhətdən iştirak etməyəcək. O bunu indiki hökumətin iqtisadi siyasəti ilə əlaqələndirib.

"Macarıstanda hamı bilir ki, Ukrayna bu müharibədə qurbandır", - Macarıstanın yeni Baş naziri bildirib və əlavə edib ki, Budapeştlə Kiyev arasında münasibətlərin normallaşmasının şərti Ukraynada yaşayan macar azlığının hüquqlarının tənzimlənməsi olacaq. (Report)