Fəzail Ağamalıdan danışanlar - İctimai qalmaqal və cəmiyyətin əlinə düşən fürsət
Gündəm
Ölüm də qalmaqala dönə bilir
Bu gün sosial mediaya əli çatan hər kəs sabiq deputat Fəzail Ağamalının vəfatından sonra bir müddət əvvəl onun özü və ailəsi ətrafında yaranmış qalmaqaldan danışır. Kimi oğlunu, kimi qızını yaxşı övlad ola bilməməkdə qınayır. Biz buna çoxdan öyrəşmişik. Deputat olmursan, lap kim olursan ol, yas yeri çox vaxt qeybət, dedi-qodu məkanına çevrilir. Mərhumun arxasınca dua etmək, yaxşı xatirələr danışmaq əvəzinə, haradansa biri çıxır, illərlə içində gəzdirdiyi incikliyi ortalığa tökür, başqalarına danışır, özünə tərəfdar yığmağa çalışır. Hələ sən ictimai adam, vəzifə sahibisənsə, deməli, həyatına toxunduğun insanlar çox olub, səndən sonra danışılacaq sözlər də bol olacaq. Amma gözəl danışmayacaqsansa, susmağı bacarasan. Elə əsl müdriklik də budur.
Hamımız günahkarıq, sadəcə dərəcəmiz fərqlidir
Deyirlər, gəzən ayağa daş dəyər. Biz bir qutu içində yaşamırıqsa, mütləq kimlərinsə xoşuna gəlməyən söz də deyirik, səhv də edirik. Təbii ki, insan ömrü boyu çox şey eyləyir, amma sonra çoxunu unudur. Sonda başına bir müsibət gələndə isə “İlahi, mən neylədim?” deyə üsyan edir. Bəlkə də ən doğru olanı üsyan yox, dayanıb özünə baxmaqdır. Çünki insan ancaq həqiqətən peşman olanda, bilərəkdən və ya bilməyərəkdən etdiyi səhvlərə görə bağışlanma diləyə bilir. Hansımız günahkar deyilik ki? Sadəcə fərq mövqedədir. İnsanın statusu, vəzifəsi artdıqca çiynində daşıdığı şələ də böyüyür, ağırlaşır. Elə buna görə də sakit, dinc həyat istəyən müdrik adamlar bir gün şan-şöhrətdən, var-dövlətdən uzaqlaşmağa çalışırlar. Çünki çox şeyə sahib olduqdan sonra insanın içində qəribə bir boşluq qalır. Nə pul, nə ad-san o boşluğu doldura bilir. İstədiklərinin hamısına çatırsan, amma içində ad belə verə bilmədiyin bir hiss olur.
Həyat elə də, belə də hərəyə bir cür oyun oynayır
Hər kəs öz qədəri daxilində qoşulduğu oyunun içində bir müddət sağ qalmağa çalışan oyunçudur. Belə olduğu halda niyə bir hadisə baş verən kimi kimisə haqlı, kimisə günahkar çıxarmağa tələsirik? Niyə dərhal hökm verməyə çalışırıq? Axı heç kimin içində nə yaşadığını bilmirik. Bəlkə bir az susmağı bacarsaq, bir az anlamağa çalışsaq, bir az da mərhəmətli olsaq, hər şey başqa cür olar.
Həyat Fəzail Ağamalını son günlərində övladları ilə sınağa çəkdi
Bütün bunların fonunda isə bu gün çoxlarını düşündürən bir sual var: Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının ölümü övladları Günay və Elçin Ağamalını birləşdirəcək, yoxsa onları daha da ayrı salacaq? Övladlar arasındakı qalmaqaldan xəbərdar olanlar yaxşı xatırlayırlar ki, bu mübahisə bir neçə ay əvvəl partiyanın “sədri kim olacaq” davasından başlamışdı və atasının dəstəyi ilə qalib gələn Günay Ağamalı olmuşdu. İndi isə hər ikisi üçün ortaq bir məyusluq, ortaq bir kədər var - ata itkisi.
Görəsən, kədər insanları birləşdirir, yoxsa daha da ayrı salır?
Kədərin kölgəsində həmişə ağrı, acı gizlənir. İnsan incidikcə günahlandırdıqları çoxalır, səslər daha çox ucalır, sözlər sərtləşir, aradakı məsafələr böyüyür. Bəzən eyni dərdi yaşayanlar belə bir-birini anlamaq əvəzinə daha da yadlaşırlar. Çünki hər kəs öz içindəki ağrının sızıltısını daha çox hiss edir.
Sevincə baxma, o şirin olur, ürəyə işıq salır. Özü ilə bərabər bir xoşhallıq gətirir. O anda insan pisi də yaxşı görməyə başlayır. Ürəkdən sevinəndə lap əzəli düşmənini də bağışlamağın gəlir. Elə buna görə də müdriklər deyirlər ki, sevincli halda qərar verməyə tələsmə. Çünki sevinc də səni aldada bilər.
Bəs qəzəblə kədər qol-qola girib səni əsir alanda necə?
Ən çətini budur. Yəqin ki, insanın bütün mahiyyəti məhz bu anlarda üzə çıxır. Sınağa çəkilmədən nə cür davrana biləcəyimizi özümüz də bilmirik. Ona görə adam gərək yeri gələndə susmağı da, geri çəkilməyi də bacarsın, lap ürəyində belə kimisə qınamasın. Axı qınadığın şey başına gəlmədən bu dünyadan getməzsən...
Bəlkə kədər bizi ayırmır. Bəlkə də biz özümüz bir-birimizi itiririk...