Jurnalistika fakültəsinə ehtiyac varmı? - “3 il ərzində praktikadan uzaq qalan tələbənin...”

Jurnalistika fakültəsinə ehtiyac varmı? - “3 il ərzində praktikadan uzaq qalan tələbənin...” Gündəm

Avqustun 4-də jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçiriləcək. İmtahanda 827 abituriyentin iştirakı nəzərdə tutulur. Bu ixtisası bitirənlərin neçəsi sonradan juralistika ilə məşğul, neçəsi digər sahələrə üz tutur, - konkret məlumat yoxdur. Fakt budur ki, hazırda Azərbaycan jurnalistikasında fəaliyyət göstərən şəxslərin əksəri başqa ixtisas sahibləridir. Elə isə jurnalistika fakültəsinə ehtiyac varmı? Axı media işçisindən iki şey tələb olunur: mövzu fikirləşmək və yazmaq bacarığı.

“Bu gün məlumatı dəqiq və düzgün formada təqdim etməyə böyük ehtiyac var. Ona görə də jurnalistika təhsilinin olması çox vacibdir. İxtisas təhsili olmadan da uğur qazanan həmkarlarımız var, amma təhsilin olması heç nəyə ziyan vurmur”.

News24.az xəbər verir ki, bunu “Yeni Sabah” Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli bildirib. Dördpendirli pizza

Onun fikrincə, informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, internet mediasının və sosial şəbəkələrin həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə jurnalistika təhsilinə ehtiyac daha da artıb:

“İnformasiyanın toplanması, emalı, düzgün təqdim edilməsi, etik və hüquqi normalara əməl olunması kimi məsələlər peşəkar hazırlıq tələb edir”

Q. Məhərrəmli hətta jurnalistika üzrə kolleclərin və ya reportyor məktəblərinin yaradılmasını da məqsədəuyğun sayır:

“Nəzəri biliklərlə yanaşı, praktik hazırlığın gücləndirilməsinin vacibdir”. O, xüsusilə istehsalat təcrübəsinin təşkilində ciddi problemlərin olduğunu qeyd edib:

“3 il ərzində praktikadan uzaq qalan tələbənin yalnız son kursda qısa müddətə redaksiyalara göndərilməsi düzgün yanaşma deyil. Tətbiqi jurnalistikaya daha çox diqqət ayrılmalıdır”.

Mövzu qıtlığı məsələsinə münasibət bildirən Qulu Məhərrəmli bunun müxtəlif səbəblərdən qaynaqlandığını deyib. O, jurnalistin düşüncə tərzini, müşahidə qabiliyyətini, mütaliəsini və dünyagörüşünü əsas amillərdən hesab edib. Ekspertin fikrincə, redaksiyaların informasiya siyasəti və mövcud məhdudiyyətlər də bu prosesə təsir göstərir.

“Medianın işi cəmiyyətə güzgü tutmaq, problemləri görmək və hadisələri operativ, dürüst, vicdanlı şəkildə işıqlandırmaqdır”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də jurnalistika fakültələrinin fəaliyyətini vacib sayır.

O qeyd edib ki, jurnalistlərin əhəmiyyətli hissəsinin başqa sahələr üzrə təhsil almasına baxmayaraq, jurnalistika ayrıca peşə və eyni zamanda elmi istiqamətdir:

“Jurnalistikanın öz dili, janrları, metodologiyası və elmi araşdırma sahələri var. Buna görə də dünyanın bir çox ölkələrində jurnalistika fakültələri ayrıca tədris istiqaməti kimi qorunub saxlanılır”.

Arif Əliyevin sözlərinə görə, müasir texnologiyaların, internet mediasının və süni intellektin inkişafı jurnalistikanın texniki tərəflərini daha da mürəkkəbləşdirib və bu da peşəkar hazırlığa olan ehtiyacı artırır.

Bununla yanaşı, o, Azərbaycanda jurnalistika təhsilinin keyfiyyəti ilə bağlı problemlərin mövcud olduğunu da qeyd edib. Ekspert hesab edir ki, məsələ müəllimlərdən daha çox tədris proqramları, standartlar və universitetlərdəki yanaşma ilə bağlıdır:

“Bu gün redaksiyalar ali təhsil almış gəncləri işə qəbul etdikdən sonra onlarla yenidən ciddi şəkildə işləməyə məcbur olur. Dünyada çox güclü jurnalistika məktəbləri var və onların təcrübəsindən yararlanmaq bizim üçün faydalı ola bilər”.

Mövzu tapmaq probleminə gəlincə, Arif Əliyev bunun əsas səbəblərindən birinin jurnalistlərin fəaliyyət göstərdiyi mühitlə bağlı olduğunu bildirib. Onun fikrincə, bir sıra mövzuların həssas hesab olunması, informasiya əldə etməyin çətinliyi və məlumat mənbələrinin məhdudluğu jurnalistlərin seçim imkanlarını daraldır.

“Jurnalist bir çox hallarda hansı mövzunun riskli, hansı mövzunun isə təhlükəsiz olduğunu düşünərək hərəkət edir. Nəticədə əksər redaksiyalarda eyni mövzular işlənir və ortaya bir-birinə bənzər xəbərlər çıxır”.

Ekspert əlavə edib ki, dövlət qurumlarından, statistik mənbələrdən və müxtəlif sahələr üzrə ekspertlərdən məlumat almaqda yaranan çətinliklər də jurnalistlərin araşdırma imkanlarını məhdudlaşdırır.