"Şəki yaylası"ndakı faciənin pərdəarxası: "Bircə saniyədə qırılmır!" - Ekspert detalları açıqladı

"Şəki yaylası"ndakı faciənin pərdəarxası: "Bircə saniyədə qırılmır!"  - Ekspert detalları açıqladı Gündəm

Dünən “Şəki Yaylası” istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verən faciə bu qurğulara texniki nəzarətin yetərli olduğunu şübhə altına aldı.

Hər kəs iki nəfərin ölümünə səbəb olan bu hadisədə kanatın trosunun qırılmasını, qurğuda təhlükəsizliyin təmin olunmamasını müzakirə edir.

Qeyd edək ki, bir çox istirahət mərkəzlərində, xüsusilə rayonlarda fəaliyyət göstərən turizm məkanlarında kanat, zipline və idigər əyləncə qurğularıından geniş istifadə olunur. Aydındır ki, belə qurğuların istismarı zamanı texniki baxışın mütəmadi aparılması və təhlükəsizlik tələblərinə ciddi əməl olunması vacib şərtdir.

Maraqlıdır, bəs kanatların texniki təhlükəsizliyi necə təmin edilməlidir? Bu qurğular hansı qaydada və nə qədər müddətdən bir yoxlanılır?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Orxan Musayev qeyd edib ki, turizm və istirahət mərkəzlərində istifadə olunan kanat, zipline və digər ekstremal əyləncə qurğuları birbaşa insan həyatı və təhlükəsizliyi ilə bağlı olduğundan ciddi nəzarət tələb edir:

“Ölkəmizdə qüvvədə olan normativ qaydalara əsasən, sərnişin daşıyan bu sistemlər qanunvericilikdə təhlükə potensiallı obyekt statusuna malikdir və mütləq dövlət reyestrində qeydiyyata alınmalıdır. Bu o deməkdir ki, həmin qurğuların istismarı şəxsi istəyə görə deyil, dövlət tərəfindən təsdiq edilmiş konkret texniki reqlamentlərə uyğun həyata keçirilməlidir.

Mövcud qaydalara əsasən, insan daşıyan polad trosların möhkəmlik ehtiyatı faktiki düşən canlı yükdən ən azı 3-4 dəfə artıq yükə hesablanmalıdır”.

Ekspertin sözlərinə görə, nəzərə almaq lazımdır ki, polad tros adi metal məftil deyil, xüsusi hörülmüş və yüksək davamlı materialdır: “Belə troslar adətən qəfil, bir saniyənin içində qırılmır. Polad tros qırılmazdan xeyli əvvəl müəyyən əlamətlər göstərir. Tellər tək-tək didilir, korroziyaya uğrayır, birləşmə və əyilmə nöqtələrində deformasiya baş verə bilər.

Qaydalarda da açıq şəkildə göstərilir ki, trosun diametri sürtünmə və ya paslanma nəticəsində 7 faizədək azalarsa, yaxud daxili metal kəsiyinin 10 faizi yeyilərsə, tros xaricdən bütöv və yeni görünsə belə, dərhal yararsız hesab edilməli və istismardan çıxarılmalıdır”.

Orxan Musayev kəskin hava şəraitinin təsirindən və ya ildırım vurmasından sonra trosun xüsusi diaqnostik cihazlarla yoxlanılmalı olduğunu da qeyd edib: “Bu halda qurğunun istifadəsi dərhal dayandırılmalıdır.

Dünya təcrübəsində insan daşınan qurğularla bağlı əsas prinsiplərdən biri təhlükəsizliyin yalnız bir trosdan asılı olmamasıdır. Mütləq paralel işləyən ikinci, ehtiyat xətt olmalıdır. Əsas trosda hər hansı qırılma baş verdikdə, ehtiyat xətt insanların bədbəxt hadisə ilə üzləşməsinin qarşısını almalıdır”.

Ekspert bildirib ki, təhlükəsizliyin təmin edilməsində digər vacib amil personalın peşəkarlığı və hazırlığıdır: “Qanunvericiliyə əsasən, bu qurğularda çalışan bələdçilər, təlimatçılar və nəzarətçilər xüsusi hazırlıq keçməli, komissiya qarşısında bilik yoxlanışından, yəni attestasiyadan keçməlidirlər.

Təlimatçının vəzifəsi yalnız sərnişinə təhlükəsizlik kəməri taxmaqdan ibarət deyil. O, vətəndaşlara texniki qaydaları izah etməli, çəki limitlərini dəqiq nəzərə almalı və ən əsası, qurğuda, kəmərdə və ya trosda ən kiçik nasazlıq aşkar etdikdə prosesi dayandırmalıdır.

Göründüyü kimi, normativ sənədlərdə hər bir detal – hər səhər keçirilməli olan gündəlik vizual baxışlar, test yükləri və siqnallar, işçilərin hazırlığı, eləcə də dövlət orqanları tərəfindən aparılan ilkin və dövri müayinələr birmənalı şəkildə təsbit olunub.

Burada əsas məsuliyyət xidmət göstərən sahibkarlıq subyektinin daxili nəzarət mexanizminin üzərinə düşür. Hər bir istirahət mərkəzi anlamalıdır ki, təhlükəsizlik qaydaları formal sənəd deyil. Bu qaydalar birbaşa insan həyatı ilə bağlıdır və müvafiq standartlar hər zaman ən yüksək prioritet olmalıdır”.