“Əkinçi”dən Zəfər salnaməsinə: Milli Mətbuatın dövlətçilik Fəlsəfəsi
Gündəm
22 iyul 1875-ci il Azərbaycan tarixində sadəcə ilk qəzetin çap olunduğu gün deyil. Bu tarix milli düşüncənin yazıya çevrildiyi, xalqın özünü söz vasitəsilə dərk etməyə başladığı gündür. Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatın əsasını qoymaqla yanaşı, dövlətçilik təfəkkürünün intellektual platformasını yaratdı. O gündən etibarən Azərbaycan mətbuatı yalnız xəbərin deyil, milli ideyanın, ictimai şüurun və gələcək dövlət quruculuğunun daşıyıcısına çevrildi.
Tarix göstərir ki, hər bir güclü dövlət əvvəlcə güclü sözə sahib olmuşdur. Qılınc sərhədi qoruyur, söz isə millətin ruhunu. Zərdabinin “Əkinçi”si məhz bu həqiqəti sübut etdi. O, kənd təsərrüfatından, elmdən və maarifdən yazırdı, mahiyyət etibarilə milli özünüdərkin toxumlarını səpirdi. Savadlanan cəmiyyət gələcəyini düşünür, gələcəyini düşünən xalq isə dövlət qurmağa qadir olur.
Mətbuatın inkişaf tarixi Azərbaycan xalqının taleyi ilə paralel irəliləmişdir. “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “Molla Nəsrəddin”, “Füyuzat” və digər mətbuat orqanları xalqın ictimai fikrini zənginləşdirərək milli ideologiyanın formalaşmasına mühüm töhfələr verdilər. XX əsrin əvvəllərində yaranan milli mətbuat artıq yalnız maarifçilik missiyası daşımırdı; o, istiqlal düşüncəsini yetişdirən məktəbə çevrilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına aparan ideoloji yolun mühüm hissəsi məhz mətbuat səhifələrində hazırlanmışdı.
Fəlsəfi baxımdan mətbuat zamanın yaddaşıdır. Tarix hadisələri yaradır, mətbuat isə onları mənalandırır. Tarix millətin keçmişidirsə, mətbuat həmin keçmişi gələcəyə daşıyan intellektual körpüdür. Dövlətlər yalnız iqtisadi və hərbi güclə yaşamırlar; onların mənəvi dayaqları da olmalıdır. Bu mənəvi dayağın əsas sütunlarından biri milli mətbuatdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat yeni inkişaf mərhələsinə qədəm qoydu. Söz azadlığının hüquqi əsaslarının formalaşdırılması, senzuranın ləğvi və informasiya cəmiyyətinin inkişafı milli jurnalistikanın fəaliyyət imkanlarını genişləndirdi. Bu mərhələdə mətbuat dövlətlə cəmiyyət arasında dialoq mühitinin formalaşmasına xidmət edən mühüm ictimai institut kimi çıxış etməyə başladı.
XXI əsr isə mətbuatın qarşısına yeni vəzifə qoydu – informasiya təhlükəsizliyinin təmin olunması. Müasir dövrdə müharibələr yalnız səngərlərdə deyil, informasiya məkanında da aparılır. Xüsusilə 44 günlük Vətən müharibəsi göstərdi ki, həqiqətin operativ və əsaslandırılmış şəkildə dünyaya çatdırılması dövlət maraqlarının qorunmasının ayrılmaz hissəsidir. Azərbaycan jurnalistləri cəbhədən hazırladıqları reportajlar, analitik yazılar və beynəlxalq informasiya mübarizəsində fəal iştirakı ilə sübut etdilər ki, qələbənin mühüm dayaqlarından biri də informasiya cəbhəsində qazanılan üstünlükdür.
Qarabağ mövzusu Azərbaycan mətbuatının milli məsuliyyət hissini ən aydın nümayiş etdirən sahələrdən biridir. Uzun illər ərzində tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, işğalın nəticələrinin sənədləşdirilməsi və milli yaddaşın qorunması jurnalistikanın əsas missiyalarından oldu. Bu gün isə azad Qarabağda aparılan bərpa və yenidənqurma işləri, Böyük Qayıdış proqramı və yeni sosial-mədəni mühitin formalaşması mətbuat üçün yeni tədqiqat və publisistika istiqamətləri açır. Beləliklə, mətbuat artıq yalnız müharibənin deyil, sülhün və quruculuğun da salnaməsini yazır.
Elm fəlsəfəsində “informasiya” inkişafın əsas resurslarından biri hesab edilir. Məlumatın keyfiyyəti cəmiyyətin qərarvermə mədəniyyətini müəyyən edir. Buna görə də peşəkar jurnalistika təkcə peşə deyil, milli təhlükəsizlik, ictimai etimad və dövlətçilik amilidir. Dezinformasiyanın geniş yayıldığı müasir dünyada obyektiv media milli maraqların qorunmasının strateji vasitəsinə çevrilmişdir.
Bu gün rəqəmsal texnologiyalar informasiyanın yayılma sürətini dəfələrlə artırsa da, jurnalistikanın dəyişməyən prinsipi eynidir: həqiqətə sədaqət. Texnologiya mətbuatın formasını dəyişə bilər, lakin onun missiyasını dəyişə bilməz. Həqiqət zamanın deyil, vicdanın meyarıdır.
150 ildən artıq yol keçən Azərbaycan milli mətbuatı “Əkinçi”nin işıq saçdığı maarifçilik ideyalarından başlayaraq müasir rəqəmsal medianın imkanlarınadək şərəfli inkişaf yolu keçmişdir. Bu yolun hər mərhələsində mətbuat xalqın milli kimliyini, dövlətçilik düşüncəsini və tarixi yaddaşını qorumuşdur. “Əkinçi” milli oyanışın ilk səsi idi, bu gün Azərbaycan mətbuatı isə suveren dövlətimizin inkişafını, Qarabağın dirçəlişini və milli həmrəyliyi dünyaya çatdıran etibarlı tribunadır.
Milli Mətbuat Günü bizə bir həqiqəti yenidən xatırladır: dövlətin sərhədlərini ordu qoruyursa, onun mənəvi sərhədlərini söz qoruyur. Sözün məsuliyyəti yalnız bugünkü oxucu qarşısında deyil, gələcək nəsillər qarşısındadır. Yazılan hər sətir sabahın tarixinə çevrilir.