“İlham Əliyev toyumun keçirilməsinə kömək etdi” – Dünya çempionu

“İlham Əliyev toyumun keçirilməsinə kömək etdi” – Dünya çempionu Gündəm

Hər kəsin uşaqlıqda, xüsusən də məktəb illərindən unuda bilməyəcəyi bir hekayəsi olur. Mənim unudulmaz hekayəm Canpolad Budaqovla bağlıdır.

O, məktəbə özünün dediyi kimi “zəif, cılız bir uşaq” kimi gəlib, oranı fəxri məzun kimi bitirənlərdən idi. Canpolad məndən 3 sinif yuxarıda oxuyurdu. Özündən 3 sinif yuxarıda oxuyan məktəb yoldaşını xatırlamaq üçün, mütləq bir səbəb, bir hekayə olmalıdır. Canpoladı yaddaşıma həkk edən isə onun ziddiyyətli durumu idi - olduqca dəcəl, dalaşqan bir şagirdin eyni zamanda əlaçı olması.

1988-ci ilin sentyabrında yeni dərs ilinin açılışı münasibətilə keçirilən tədbirdə Azərbaycan Tibb Universitetinə yüksək qiymətlə qəbul olunmuş fəxri məzun kimi çıxışı bu gün də gözlərimin önündədir.

Aradan 38 il keçir. Bu gün Canpoladla yenidən üz-üzəyəm - bu dəfə məktəb yoldaşı kimi yox, jurnalist kimi.

Qarşımda bir tərəfdə orta məktəbi əla qiymətlərlə, Azərbaycan Tibb Universitetini cərrahiyyə ixtisası üzrə “qırmızı diplom”la başa vuran savadlı bir insan, digər tərəfdə isə həyatının uzun illərini həbsxanada keçirən, taleyin sərt sınaqlarından keçmiş, zərərli maddələrlə yolu kəsişmiş bir insan dayanır.

XX əsrin sonlarında onun adı, idmana az-çox marağı olan hər kəsə tanış idi. Sərbəst güləşdən başlayıb, uşu-sandaya keçən Canpolad Budaqov Azərbaycanın ilk dünya çempionlarından biri kimi tarixə düşüb. Onun ikiqat dünya çempionu nəticələrini 25 ildən artıq müddətdə yeniləmək mümkün olmayıb.

Amma onun həyatı yalnız qələbələrdən ibarət olmayıb.

Danışığında məntiq və sistemlilik onu bir çox idmançıdan fərqləndirən əsas xüsusiyyətdir. O mənada ki təhsil həyatlarını ön planda tutmayan fərd kimi, idmançılar, nadir hallarda özlərini uğurlu şəkildə sözlü ifadə bilirlər.

Canpolad isə universitetdən aldığı fərqlənmə diplomunun haqqını verir savadlı danışığı ilə. Lakin cümlələrinin arasında daha sərt, daha ağır həyat təcrübəsinin izləri də aydın sezilir.

Bu gün o, keçdiyi mürəkkəb və ziddiyyətli həyat yolundan sonra yeni bir səhifə açmağa çalışır - həm məşqçi, həm də həyatdan dərsini almış bir insan kimi.

News24.az Canpolad Budaqovla bu ziddiyyətli talenin, uğurların və səhvlərin iç-içə keçdiyi söhbəti təqdim edir.

- Adətən, valideynlər zəif oxuyan uşaqlarını idmana yönəldirlər ki, gələcəyini sığortalaya bilsinlər. Amma sənin timsalında tam fərqli olub. Sənin birinci sinifdən fasiləsiz olaraq məktəbin əlaçı şagirdlərindən biri olduğunu, yüksək qiymətlərlə Azərbaycan Tibb Universitetinə qəbul olunmağına görə məktəb tədbirində çıxışını indi də xatırlayıram. Bir çoxlarının arzuladığı təhsil uğurunu bir yana qoyub, idmana yönəlməyinin səbəbi nə idi? Öz seçimin idimi, yoxsa ailən yönləndirdi?

- Ailəm yönləndirmədi. Uşaq vaxtı fiziki zəifliyim vardı. Çox xəstəliklər keçirmişdim. Mən birinci sinifdə oxuyanda o vaxtkı Spartak Cəmiyyətinin məşqçisi Vahid Məmmədov sinfimizə gəldi. Dedi ki, kim istəyirsə, güləş məktəbimiz var, adını yazdırıb məşq edə bilər. İlk mən öz adımı yazdırdım.

Vahid müəllimlə sərbəst güləşə başladım. 5-ci sinifdə atam fikrini dəyişdirdi, idmanla məşğul olmağıma narazılıq elədi. Dedi, oxumağa üstünlük ver. Məşqlərə qoymadı. Amma mən birinci sinifdən özümdə fikizi irəliləyişi, özümə inamımın artdığını hiss etdiyimçün idmandan ikiəlli yapışmışdım. İdmana həvəsim azalsın deyə, atam məni məktəbimizdəki tar kursuna yönəltdi. Biraz orda məşğul olub, sonra 20 nömrəli musiqi məktəbinin tar sinfinə daxil oldum. Oranın da tam kursunu bitirib diplom aldım ki, məşqlərimə maneçilik törətməsinlər.

Dərslərimi də əla qiymətlərlə oxuyurdum ki, ailəm “idmana görə dərslərini buraxıb, avaraçılıq edirsən” deməsin. Üstəlik, Nəsimi bazarının yanındaki Hüseyn Ərəblinski adına Mədəniyyət Evində Nəriman Dilbazinin rəssamlıq kursuna yazıldım. Məktəbdə oxuya-oxuya 4-5 il də rəsmlə məşğul oldum. Amma evdəkilərdən xəbərsiz idmanı da davam elətdirirdim.

- Ailənin xəbəri olmurdu?

- Bəzən tar dərslərimi buraxırdım, güləş formamı tarın futlyarının içində gizlədib məşqlərə gedirdim. Atam xəbər tutanda, formamı əlimdən alıb müəllimlərdən də məşqlərə buraxılmamağımı xahiş edirdi.

- Niyə idmanla məşğul olmağını istəmirdi?

- Həyatda özü çox əziyyətlər çəkmişdi deyə, yaxşı oxumağımı istəyirdi. Ona görə də onun istəyi ilə məktəbi qurtaran kimi Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil oldum. Attestat qiymətlərimin ikisi 4, qalanları 5 idi. Universiteti isə fərqlənmə diplomu ilə bitirdim. Aspiranturaya da gedəcəkdim. Atam vəfat edincə, ailənin qayğılarını çəkmək mənim üstümə düşdü deyə, fikrimdən daşındım. Universiteti cərrahiyyə ixtisası üzrə bitirsəm də, heç onun da ardınca getmədim. İdmanda nailiyyətlərim çox yaxşı idi. SSRİ-nin yığma komandasında idim. Bütün gücümü il ərzində xarici səfərlərə, təlim-məşq toplanışlarına qatılmağa yönəltdim.

- Ailən sənin idman karyeranla nə vaxt razılaşdı?

- Birinci kursda oxuyanda... Karate, əlbəyaxa döyüş SSRİ-də qadağan olunmuşdu. Məşq etməyə qoymurdular. 1988-ci ildə Şərq əlbəyaxa döyüş növlərinə icazə verildi. Bundan sonra yarışlar keçirməyə başladılar. Artıq bütün döyüş növləri üzrə - həm güləş, həm sambo, həm də karatedə - mübarizə aparmağa hazır idim.

1989-cu ildə SSRİ-də ilk kubok keçirildi. O zaman Azərbaycan millisindən cəmi 2 nəfər çempionata getdik. İlk yarışda SSRİ çempionu oldum. Azərbaycanda Şərq əlbəyaxa döyüş sənətlərindən ilk SSRİ idman ustası 18 yaşımda mən oldum. Ondan sonra SSRİ kubokunun sahibi, daha sonra isə SSRİ çempionu oldum. Məni SSRİ-nin təlim məşq toplantılarına dəvət etdilər. SSRİ yığmasında öz çəkimdə bir nömrə idim. Azərbaycan müstəqillik qazanandan sonra da Azərbaycanın adı ilə yarışmağa başladım. Ondan sonra Avropa, dünya çempionluğunu qazandım. Azərbaycanda uşu-sanda üzrə ilk və yeganə dünya çempionu mənəm. Mənim nəticələrimi təkrarlayan ikinci idmançı yoxdur.

- Əlaçı şagird və fərqlənmə diplomlu həkim kimi gələcək karyeradan imtina edib özünü idmana həsr etmənin səbəbi nə idi?

- Məni ictimaiyyətə tanıdan idman oldu.

- Tanınmaq həvəsində idin?

- Yox, tanınmaq üçün can atmırdım. Uşaqlıqdan çox cılız, zəif olmuşam. “Raxit” xəstəliyindən tutmuş, uşaqların keçirə biləcəyi xəstəliklərin çoxunu keçirmişdim. Həm də evdəkilər mənimlə fiziki cəhətdən zəif uşaq kimi nəvaziş göstərirdilər. Bu da məni əsəbləşdirirdi. Hətta yadlmdadır ki, bir dəfə atam işdən gəlmişdi. Çay içəndə anam qayıtdı ki, Canpolad da gedib güləşə yazıldı. O anda atamın üzündəki “Canpolad hara, güləş hara” deyirmişcəsinə istehzalı gülüşü indiyə qədər yadımdadı. Gördü ki, mən baxıram, bir az özünü yığışdırdı. Bəlkə də fiziki zəifliyimə görə mənə qarşı inamsız idi. Özümü isbatlamaq iddiası idmanda böyük uğurlara gətirib çıxardı.

- Ata-anan səni dərslərə məcbur göndərirdi?

- Həyatda ən zəhləm gedən şey kiminsə məni nəyəsə məcbur etməsidir. Qohumlarım arasında həkim çox idi. Atam həm Kimya fakultəsini, həm də həkimliyi oxumuşdu. Atam həkimlikdən başqa, ikinci ixtisas kimi kimya təhsili də almışdı. Evdə tez-tez kimya və digər elmi mövzularla bağlı müzakirələr aparar, mənə nələrsə anladardı. Tibb Universitetinə qəbul imtahanında və birinci kursda insan anatomiyası və fiziologiyası fənlərində şəkil çəkmək işi çox olurdu. Qohumlarımız gətirirdi, hamısının şəkillərini mən çəkirdim. Ona görə də, 10-cu sinifdən, artıq anatomiya və fiziologiya imtahanlarına tam hazır idim. Bu fənlər birinci kursdan başlayırdı və ən ağır dərslər sayılırdı. Hətta sümüklərin şəkillərini çəkmək tələb olunurdu. Sinif yoldaşlarımın albomlarına həmin şəkilləri çox vaxt mən çəkirdim.

10-cu sinifdən etibarən, artıq imtahanlara tam hazır idim. Məqsədim tibb sahəsində oxumaq idi. Qiymətlərim də pis deyildi - əsasən “4” və “5” alırdım. Məktəbdə yaxşı oxuyan şagirdlərdən biri hesab olunurdum.

- Təhsil həyatında hər şey müvəffəqiyyətli olub. Heç bir hazırlığa getmədən məktəbi əla qiymətlərlə bitirmək... Sonda həyatın dibinə yuvarlanmaq...Niyə belə oldu?

- Həyatdı da.. Bizim ömrümüzün bir hissəsi də pis dövrə düşdü. 1990-cı illərin əvvəllərində tək Azərbaycanda yox, bütün keçmiş sovet ölkələrində müharibə və anarxiya hökm sürürdü. SSRİ yığma komandası ilə Moskvada təlim məşq toplantılarında olanda görürdüm ki, SSRİ-nin dağılması ilə çox adamın həyat tərzi dəyişmişdi. O vaxt şahidi olurdum ki, ali təhsil alanlar ixtisasları üzrə işləmirdilər. Elmlər namizədləri, hərbçilər restoranda administratorluq edib, ofisiant işləyirdilər. Ali təhsil almaqla gələcəyini planlaşdırmaq olmurdu. Hər yerdə qaynar nöqtələr, müharibələr, iqtisadi krizislər vardı. Hamı maddiyat dalınca qaçırdı, təhsil dalınca yox. Belə bir dövrdə idmançılar imkanlı adamların vuran qolu kimi istifadə edilirdi. Mən də o cümlədən. Çünki o vaxtlar idmana dövlət diqqəti çox güclü olmurdu. Məsələn, Avropa kubokunu qazananda mənim dövlət tərəfindən mükafatım ikikasetli maqnitafon olmuşdu. Dünya çempionu olanda 54 ekran televizor verdilər. Bundan sonra Rusiyaya getdim. 1994-97-ci illərdə Rusiyada yaşadım. Həm məşqlərimi edirdim, həm də iş adamlarından dəstək alırdım. Şərait yaradırdılar, maddi dəstək olurdular.

Elə idmançılarımız vardı ki, qabiliyyətdə, bacarıqda yüksək göstəriciləri vardı, amma imkanlı atanın övladı olmadığı üçün özünə yer edə bilmirdi. Belə durumda bir çoxları əsrin bəlası sayılan narkotikə qurşanırdı. Təəssüf ki, məndən də yan keçmədi.

- Böyük nailiyyətli idmançı olduğun halda, hansı səbəb səndə narkotikə maraq yaratdı?

- Belə şeylər birdən baş vermir. Dost çevrəsi də insanın həyatına ciddi təsir edir. Mənim olduğum mühit də belə idi. Mən belə şeyin çox aludəçisi olmamışam, amma əl-ayağımı “yumaq” da istəmirəm. Daha çox mühitin təsiri idi. Mən Papanində böyümüşəm. Oranın da necə yer olduğu məlumdur... Kimə lazımdırsa, o məhəlləyə belə şeyləri almaqçün gəlir.

Mənim ən böyük səhvim ətrafımdakı adamları özümə dost bilməyim olub. Sonra anladım ki, adamın bir ya iki dostu olarmış. İnsanın ayağı büdrəyən kimi, dost bildiklərini tapa bilmirsən.

Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə (MOK) bir az tez gəlsəydi, bəlkə də fərqli olardı. O vaxt o qədər idmançı yolunu azdı ki... 1997-ci ildə İlham Əliyev MOK rəhbərliyinə gələndən sonra həmin il dünya ikincisi, 1999-cu ildə dünya çempionu oldum.

- Prezident İlham Əliyevlə görüşmüşdünüz?

- Bəli. Mənim Ulu Öndər Heydər Əliyevlə görüşüm olub. 1999-cu ildə təsadüf elə gətirdi ki, heç bir idman növündə məndən başqa dünya çempionluğunu qazanan olmadı. Gənclər Günündə ilin ən güclü 10 idmançısının Prezident Aparatında (Administrasiyasında) mükafatlandırma mərasiminə mən də dəvət edilmişdim. O görüşün hər bir saniyəsi indiyə qədər yadımdadır.

İlham Əliyev MOK prezidenti seçiləndən sonra Azərbaycana qayıtdım. Əl Oyunları Sarayında uşu-sanda üzrə respublika çempionatı keçirilirdi, mən də getdim baxmağa. Uzun müddətdən sonra idman ictimaiyyəti arasına çıxdığıma görə məşqçilər, idmançılar məni görən kimi alqışladılar. Hörmət əlaməti olaraq hakimlərin yanında oturtdular. O zaman İlham Əliyev kimin alqışlandığı ilə maraqlanmışdı.

İlham Əliyevlə ayrı-ayrı tədbirlərdə 3 dəfə görüşmüşmüşəm. Ulu Öndərlə Gənclər Günündə görüşdən sonra İlham müəllimlə də görüşdüm. MOK-un vitse-prezidenti Xəzər İsayev də görüşdə iştirak edirdi. İlham müəllim məsləhət gördü ki, Rusiya ilə bütün əlaqələri kəsim və Azərbaycanın idman həyatına qayıdım. Bundan sonra Azərbaycanda çalışmağa başladım, nailiyyətlərimi yenilədim. Bir yetirməm Avropa çempionu, biri də üçüncü oldu.

Özümü dünya miqyaslı idmançı kimi təsdiqləməyimdə İlham Əliyevin çox böyük dəstəyi və rolu olub. Problemlərimi dinlədi. Mənə maşın da, ev də verildi. İlham Əliyevin diqqəti sayəsində 2001-ci ildə hava limanı gömrüyünə işə düzəldim. Toyumun keçirilməsində də köməklik göstərmişdi.

Hər şey çox normal idi. Sonra hər şeyin nizamı pozuldu. İnsanın başına nə gəlirsə, buna görə özü məsuliyyət daşıyır, əməllərinin nəticəsi olur. Bakıda həbs olundum. 2005-ci ildə parlament seçkiləri ərəfəsində Rəsul Quliyevin Bakıya qayıtmaq cəhdinə görə Bakıda fövqəladə vəziyyət elan olunmuşdu. Taksi ilə getdiyim vaxt polis postunda mübahisəm oldu. Şəxsiyyət vəsiqəm də üstümdə deyildi. Məni polis bölməsinə apardılar. Cibimdən narkotik tapdılar. İsitfadəçisi kimi mənə 1 il iş verdilər.

- Bir sıra hallarda, idmançılar imkanlı adamların kriminal hesablaşmalarına cəlb edilir. Səncə, bir idmançı nə etməlidir ki, bu cür kriminal məqsədlərçün istifadə olunmasın?

- İdmançı, imkanlı adamlara ancaq mühafizə məsələsi ilə yox, hörmətindən, məşhurluğundan istifadə edib problemlərini yoluna qoymaq üçün də lazım olur. İdmançı çox yerdə söz sahibi ola bilir. Bu həmişə belə olub. Dövlət nümayəndələrinin də, iş adamlarının da, kriminal təmsilçilərinin də yanında sözləri keçib. Çünki məşhurluğuna, populyarlığına görə idmançıların tanışlıq çevrəsi geniş olur. İdmançılar yuxarı dairələrdə göründükləri üçün bir çox imkanlı adam onları yanında saxlayaraq nüfuzuna dəyər qatır. İdmana dəstək olan şirkətlərə Azərbaycanı dünyada tanınmasına töhfə verdiyi üçün dövlət vergilərində güzəşt də olunur.

Bir məmur lift işləmədiyi üçün pilləkənləri ayaqla qalxanda şikayət edir, bəlkə 2 gün də işə gəlməz ki, ayağım ağrıyır. Amma yazıq idmançı 30 il başı-gözü əzilə-əzilə Azərbaycanı təmsil edir, bayrağını qaldırır. Hər idmançı da ali təhsil almır. İdman karyerası bitəndən sonra nə etməlidir? Yoxdur ali təhsili. Bacardığı idmandı, döyüşməkdi. Hardan pulla şirnikləndirirlərsə, 70 faizi o təklifə gedir. Mal duza gedən kimi, idmançı da yaxşı pul təkilifinə gedir. Qul bazarında səhərdən  axşama kimi nə işi axtarsınlar? Əlində bir sənəti, təhsili yox, işə düzələ bilmir. Karyera qura bilən idmançı dənizdə bir damladı. Gənclər və İdman Nazirliyi baxır ki, sən Avropa çempionu olmusan. Gərək sənin çəkində 12 nəfərdən çox adam olsun. Sənin çəkində 10 nəfər olubsa, sənə mükafat flan vermirlər. Yəni adam az olur. Bu bir dünya çempionatıdı. Bir dəfə dünya çempionu olana heç nə düşmür. Gərək gedib həmin nəticəni yenidən təkrar eləsin. Azərbaycanda da hamı 10 qat, 20 qat dünya çempionu deyil ki…İdmançılar həssas və təhlükəli kontingentdi. Düzdü, hökumət şərait yaradıb. Respublika çempionu olan idmançıları hüquq-mühafizə orqanlarına, lap serjant da olsa, işə götürürlər. Daha yaxşı nəticəsi olan idmançıları daha yuxarı vəzifələrə də götürürlər.

Dövlətin idman sahəsinə diqqəti çox güclü olduğu üçün idman növləri üzrə federasiyaların sayları da çoxalıb. Bu da bəzən ajiotaj yaradır. İdman federasiyaların sayı çoxaldığı üçün ev, maşın, pul kimi mükafatlar üçün keyfiyyət tələblərini çox yüksəldiblər. Adi bir yarışda birinci yerə çıxan idmançı ilə dünya çempionu eyni tutula bilməz.

- Samarada baş vermiş və 13 il həbsdə qalmana səbəb olan cinayət hadisəsi, demək olar ki, karyerandakı uğurlarından daha çox səs-küylü oldu...

- Bu cinayətə dost bildiklərimi qorumaq üçün əl atdığıma görə, peşman oldum. Halbuki üzümü çevirib gedə bilərdim. Uğrunda bu cinayətə getdiyim adamlar ailələrinin yanında xoşbəxt yaşadılar. Həbsdə olanda onlardan bir qutu siqaret də görmədim. Halbuki restorandakı o dava-dalaşda təpik altında qalmışdılar. O adamların əvvəldən bir dava-dalaş məsələsi olmuşdu. Mənə Samarada azərbaycanlılar arasında hörmətli adam kimi müraciət etmişdilər. Getdim, problemi yoluna qoydum, barışdırdım. Onlar da mənə təşəkkür etmək üçün restoranda yeməyə dəvət elədilər. Eyni restoranda ermənilər də 70 nəfərlik yubiley keçirirdi.

- Dava nədən başladı?

- Mənim və yanımdakı adamın əynində olan geyimin üstündə Azərbaycan atributları vardı. Bu da ermənilərin xoşuna gəlməyib. Rəqs meydançasında oynayanda dava düşdü. Mən içəri girəndə gördüm ki, davadı, bizimkilər qan içindədir, bizim 4-5 cavan uşaq 22 erməninin əlində qalıb. Aranı sakitləşdirməyə çalışdım. Dedim, camaat yemək yeyir, gedək, başqa yerdə hesablaşaq. Baxdım ki, bizimkilər məni qoyub qaçıblar. Mətbəxin qapısı açıq idi, əlimə ətdoğrayan bıçaq keçdi. Ən çox özümü qorumaqçün o bıçağı götürmüşdüm. Çünki hər tərəfdən stol, stulları atırdılar. Davanı başlayanlar qaçıb getdilər, əziyyət çəkən mən oldum. Həyatımın 13 ilini qayçılayıb götürdülər. Həbsə girəndə oğlumun 6 yaşı vardı, qayıdanda əsgərliyə gedirdi. Qızımın 2 yaşı vardı, danışa bilmirdi, indi 19 yaşı var. Ailəm dağıldı. Həyat yoldaşımdan boşandım. Bir evimi, maşınımı, bağımı satıb aliment kimi birdəfəlik ödədim. Həm ailəmi itiridm, həm də ömrümdən 13 il getdi.

Həbsdə mənəvi sıxıntı keçirmədim. Amma ermənini öldürdüyümə görə tez-tez məni bir bəhanə ilə cərimə kamerasına salırdılar. 2-3 ay orda qalırdım, müddətim bitirdi, həbsxanaya qayıdırdım, bir gün saxlayıb bir bəhanə ilə yenə cəza kamerasına qaytarırdılar. 13 ilin üst-üstə 6-7 ilini cəza kameralarında keçirdim. Ora da soyuq, döşəməsi betondan olan yerdir, yay-qış kapron kimi bir həbsxana geyimi verirlər, onu geyinirsən. Orda qalmaqdan ciyərlərimə su yığılmışdı. Çıxmamışdan 4 il qabaq vərəm dispanserində müalicə aldım. Hətta ikinci qrup əlillik də vermişdilər. Amma Azərbaycana gələndən sonra əlillik dərəcəsi almaq üçün müraciət edəndə, məni sağlam çıxardılar. Həbsdə olanda normal çəkim 76 kilo idi. Vərəm müalicəsi vaxtı məsləhət görürdülər ki, ağ ciyərlərin müqaviməti olması üçün porsuq yağı içim. Bir-iki qaşıq deyirdilər, sağ olsunlar, dəstək verənlərim var idi, gətirirdilər, şüşə ilə başıma çəkirdim. Vərəmin müalicəsi üçün yüksək kaloriyalı yeməklər vacibdir. Ona görə çəkim çox artdı.

Həbsxanadan birbaşa hava limanına gətirdilər. Rusiyadan 5 illik deportasiya olundum. 2024-cü ilin 15 oktyabrında Bakıya gəldim.

- Həbsdən sonra nə ilə məşğul olursan?

- Həbsdən sonra getdim Gürcüstana. 7-8 ay orda qalıb, uşu-sanda ilə bağlı regional klub yaratdım. Kənd-kənd gəzib fiziki hazırlıqlı uşaqları cəlb elədim. Qısa müddətdə yetirmələrim Gürcüstan çempionatında qələbə çaldılar. 32 uşaq apardım, 28-i medal götürdü - 16 birinci, 10 ikinci, qalanları da üçüncü yeri tutdular. Tblisi kubokunu biz götürdük. Gürcülər çaşıb qalmışdılar ki, yeni başlayan klub necə belə bir uğur əldə edə bilib. 6 yetirməmi Gürcüstan yığma komandasının tərkibinə keçirdilər. Gürcüstandakı səfirimiz Faiq Quliyev çox dəstək oldu. Bu dəstəyi dövlətimizin mənim fəaliyyətimə verdiyi dəstək, mənim fəaliyyətimə göstərdiyi maraq kimi hiss elədim.

Sonra milli komandamızın göstəriciləri aşağı düşdüyü üçün Bakıya çağırdılar. İndi Heydər Əliyev adına idman konsert kompleksində (buz arenası) həm MMA, həm də uşu-sandadan dərs keçirəm, yeni idmançıların yetişdirilməsi ilə məşğul oluram.

- Heç “bu intellektlə, bu təhsillə mən idmandan daha yaxşı yerlərdə ola bilərdim, hər şey daha yaxşı ola bilərdi” düşündüyün anlar olubmu?

- Güc strukturlarında da, idmanda da olsaydım, əminəm ki, axırıncı şəxs olmazdım.

- Heç özünü həkim kimi təsəvvür eləmirdin?

- Yox, özümü həkim kimi görmürdüm.

- Bəs niyə belə çətin ixtisas üzrə təhsil almışdın?

- Çünki imtahanları verəndə mən heç kim idim, tanınmırdım. Qəbul olunandan sonra idmanda uğurlarım başladı, təlim-məşq toplantılarına çağrıldım. İnstitutda (indiki Tibb Universiteti) da məni yola verirdilər.

- Qırmızı diplomunu yola verməklə almısan?

- Yox, aylarla dərslərə getməsəm də, imtahanı yüksək səviyyədə verirdim. Mən bir dəfə oxuduğumu yadımda saxlayıram. Mənim yanımda ən çətin mövzudan da danışsalar, üstündən 10 il keçəndən sonra da uzağı bir abzastını buraxaram, amma danışığın hamısı yadımda qalır. Müəllimin danışdığı mühazirəni başqa tələbələr uzun-uzun yazıb, hazırlaşıb imtahan verirdi, amma mən bir dəfə qulaq asıb yadımda saxlayırdım. Qəbul imtahanı verəndə kimyadan kükürd mövzusu çıxmışdı. Üzvi kimyadan 4 səhifəlik cavab yazmışdım. İmtahandakı nəzarətçi müəllim 3 dəfə yerimi dəyişdirdi. Elə bilmişdi ki, kimdənsə, ya da hardansa köçürürəm. Müəllim dedi ki, lakonik yaz, səhv çıxsa, o qədər yazmağın boşa getməsin. Dedim, məndə lakonik alınmır, mövzunu geniş yazmalıyam. O imtahanımdan 5 almışdım. Tibbin birinci kursu anatomiya, fiziologiya, histologiya, sinir sistemləri, sümüklərdən olan çətin fənlər heç bir universitetdə keçirilmir. Onları dərindən bilirəm. Bir də ixtisasım olan cərrahiyyəni yaxşı bilirəm. Amma işləməmişəm.

- Həkim işləmək şansın olsa, qəbul edərsənmi?

- Cərrah işləyə bilmərəm - 100 faiz. Rəssamlığı bildiyimçün kəsikləri düzgün kəsib tikə bilərdim. Amma cərrahiyyə üçün əl incə və hissiyyatlı olmalıdı. Cərrahın işi incə sənətdir. Məndə idmana görə əllərimdə o hissiyyat qalmayıb. Amma ümumi terapevt işləyə bilərəm.

- Oxuduğun 42 saylı orta məktəbin məzunları arasında bir çox məşhurlar var. Milli Qəhraman Rövşən Əkbərov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, mədəniyyət naziri Adil Kərimli...

- Adil Kərimlinin bacısı Nərgizlə 10 il eyni sinifdə oxumuşuq. Nəsimi Bazarının yanında yaşayırdılar. Atası Qabil Kərimli Tibb Universitetində I müalicə fakultəsinin dekanı olub. Adil müəllimi uşaqlığından tanıyıram. Sinif yoldaşlarımızın çoxu məktəbin yerləşdiyi Nəsimi bazarı tərəfdə yaşayırdı deyə, dərsdən çıxandan sonra da birlikdə vaxt keçirirdik. Mən 10-cu sinifdə oxuyanda, o birinci sinifdə idi. Dərsdən çıxanda velosipedimlə onu gəzdirirdim.

Sinif yoldaşlarımızla 38 ildən sonra vatsap qrupu yaratdıq. Bir-birimizin xeyrindən-şərindən xəbər tutub, şərik oluruq. Sinif yoldaşlarım arasında idarə rəisləri, güc strukturlarında məsul vəzifələrdə işləyənlər var.

- Bir çox yarışlara qatılmısan. Ən çox yadında qalanı hansıdır?

- SSRİ-nin vaxtında yarışda başımdan güclü zərbə almışdım deyə, döyüşlərə buraxmaq istəmirdilər. Bu yarış da 1990-cı ildə, 20 yanvar faciəsindən bir az sonraya təsadüf etmişdi. Azərbaycanın indiki üçrəngli bayrağı hələ Dövlət Bayrağı kimi təsdiq olunmamışdı, amma mitinqlərdə qaldırılırdı. Orda mən qələbə çalanda, sovet Azərbaycanı bayrağını qaldırdılar. Mən o bayrağı dartıb cırdım, Bakıdan apardığım üç rəngli bayrğımızı yerinə taxdım. Buna görə mənim SSRİ çempionu kimi nəticələrimi ləğv etməklə cəzalandırmaq istədilər. Uşu-sanda üzrə SSRİ yığmasının baş məşqçisi vardı - Nalyotov Vladimir Vladimiroviç . “Onun 17-18 yaşı var, iki ağır beyin xəsarətindən həkimlər yarışa buraxmırdı. Bunda baş işləmir. Ondan nə tələb edir, nə gözləyirsiniz?” deyib SSRİ çempionluğundan məhrum edilməmin qarşısını aldı. O qələbəmə görə mükafat kimi 500 manat rus pulu da vermişdilər.

- Yeni həyatında arzuların nədir?

- Gənclər və idman naziri Fərid Qayıbovla bir neçə dəfə görüşdüm. Mən 1999-cu ildə ilk dəfə qalib gələndən sonra, 27 ildir, uşu-sanda idman növü üzrə çempion yoxdur. Ən böyük arzum budur ki, özüm kimi dünya çempionu yetişdirim. Uşu-sanda mənimlə başlayıb, mənimlə davam etsin. Bu il MMA-dan respublika və dünya çempionatı keçiriləcək. Bu çempionatda bacarıqlarımı ortaya qoya bilim. Yenidən meydana əlidolu çıxmaq, yetirmələrimin uğuru ilə özümü təqdim etmək istəyirəm. Bundan sonrakı həyatımda narkotiklə anılmaq istəmirəm. (yenisabah)