Qadağa, yoxsa nəzarət? - Uşaqların sosial şəbəkələrdən istifadəsini necə tənzimləyək?
Gündəm
Ötən gün Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, uşaqların təxminən 50 faizi informasiyanı sosial media vasitəsilə əldə edir.
Nazir qeyd edib ki, onları sosial media platformalarından və elektron resurslardan tamamilə uzaq tutmağa çalışmaq əvəzinə, bu prosesin düzgün şəkildə tənzimlənməsi daha məqsədəuyğundur.
Bununla yanaşı, Milli Məclisdə məktəblilərin sosial mediadan istifadəsinin məhdudlaşdırılması ilə bağlı fikirlər də səsləndirilir. Belə ki, parlamentin son iclasında təhsil müəssisələrində populyar sosial şəbəkələrdən, xüsusilə “TikTok” platformasından istifadənin qadağan edildiyi, həmçinin məktəblərdə internetə çıxış imkanlarının ümumi şəkildə məhdudlaşdırıldığı bildirilib.
Maraqlıdır ki, əgər gələcəkdə məktəblilərin sosial mediadan istifadəsinə daha geniş qadağalar tətbiq olunarsa, bu proses necə tənzimlənəcək?
Məhdudiyyətlər yalnız təhsil müəssisələrini əhatə edəcək, yoxsa şagirdlərin məktəbdənkənar fəaliyyətlərinə də aid ediləcək?
Mövzu ilə bağlı News24.az-a fikirlərini bildirən millət vəkili Elnarə Akimova bildirib ki, Elm və təhsil naziri Emin Əmrullayev məktəblilərin təxminən yarısının sosial şəbəkələrdən istifadə etdiyini deyirsə, bu. artıq reallıqdır: "Reallığı qadağa ilə yox etmək mümkün deyil. Çünki bugünkü məktəbli üçün sosial şəbəkə təkcə əyləncə deyil, həm də informasiya, ünsiyyət və müəyyən hallarda təhsil məkanıdır.
Hazırda Azərbaycanda məktəblilər üçün sosial şəbəkələrə ümumi qadağa nəzərdə tutan qanun yoxdur. Bununla yanaşı, bir çox platformaların öz qaydalarına görə 13 yaşdan aşağı şəxslərin hesab açmasına icazə verilmir. Problem ondadır ki, yaş məhdudiyyətləri çox vaxt formal xarakter daşıyır və uşaqlar onları asanlıqla keçə bilirlər".
Onun sözlərinə görə, dünyada da yanaşmalar fərqlidir: "Bəzi ölkələr, xüsusilə son illərdə, uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmaq istiqamətində addımlar atırlar. Məsələn, Avstraliyada sosial şəbəkələrdən istifadə üçün yaş həddinin artırılması ilə bağlı sərt qərarlar qəbul edilib. Digər ölkələr isə tam qadağadan daha çox valideyn nəzarəti, yaş təsdiqi sistemləri və rəqəmsal savadlılığın artırılmasına üstünlük verirlər.
Əgər məktəblilər üçün sosial şəbəkələrə qadağa tətbiq olunsa, bunun icrasına nəzarət etmək də asan olmayacaq. Çünki hər bir uşağın telefonunu, planşetini və ya ev internetini dövlət səviyyəsində nəzarətdə saxlamaq nə texniki, nə də hüquqi baxımdan real görünür. Nəticədə qadağa çox zaman kağız üzərində qalır, uşaqlar isə müxtəlif yollarla həmin məhdudiyyətləri aşırlar".
Deputat daha doğru yanaşmanın qadağa yox, tənzimləmə olduğunu qeyd edib. O bildirib ki, məktəblərdə telefon istifadəsinin dərs zamanı məhdudlaşdırılması, valideyn nəzarət alətlərinin geniş tətbiqi, yaş təsdiqi mexanizmlərinin gücləndirilməsi və ən əsası rəqəmsal savadlılığın artırılması daha effektiv görünür: "Uşaq sosial şəbəkədən necə qorunacağını bilmirsə, onu platformadan uzaqlaşdırmaq problemi həll etmir. Sabah həmin uşaq qadağa aradan qalxan kimi yenidən eyni risklərlə üz-üzə qalacaq.
Bu günün dünyasında internetdən və sosial şəbəkələrdən tam təcrid olunmuş məktəbli yetişdirmək mümkün deyil. Məqsəd uşaqları rəqəmsal mühitdən çıxarmaq yox, onları həmin mühitdə təhlükəsiz və məsuliyyətli davranmağa hazırlamaq olmalıdır. Çünki qadağalar müəyyən müddət işləyə bilər, amma bilik və rəqəmsal mədəniyyət uzunmüddətli həll yoludur".