“Qəbrim üstə ağlamayın, mən gülməkdən ölmüşəm...”

“Qəbrim üstə ağlamayın, mən gülməkdən ölmüşəm...” Gündəm

Jurnalist Əlişir Əhəd ötən gün vəfat edən yazar Rüfət Əhmədzadə ilə bağlı sosial şəbəkədə paylaşım edib.

News24.az həmin paylaşımı təqdim edir:

“Rüfət Əhmədzadənin əziz xatirəsinə...

Medianın İnkişafı Agentliyinin jurnalistlər üçün təşkil etdiyi tədbirə hazırlaşdım. Elə həmin vaxt Rüfətin ölüm xəbərini aldım. Donub yerimdə qaldım...

İnsan bəzən ölüm xəbərini oxuyanda ilk olaraq yaşını və övladlarını, ailəsini düşünür. Sonra yazdıqlarını xatırlayır. Sonra da düşünür: Görəsən, biz bu insanı vaxtında görə bildikmi?

Rüfət jurnalistikaya ilk addımlarını “Tribuna”da atmışdı. O zaman qarşıda uzun bir yol vardı. Onun yazacağı çox mövzu, deyəcəyi çox söz, gedəcəyi çox yol vardı. İstedadlı idi. Sözlə davranmağı bacarırdı. Adi görünən hadisənin içindən qeyri-adi bir məna çıxara bilirdi. Elə ölüm gününü də 22 iyul tarixində seçməyi təsadüf deyildi.

Amma Rüfətin bir başqa tərəfi də vardı. O, sanki Yer üzündə yaşayan, amma ruhunun bir hissəsi həmişə başqa yerdə olan adamlardan idi. Bəlkə də buna görə yazıları bu qədər fərqli idi. İndi onun köhnə yazılarını yenidən oxuyuram. İllər əvvəl yazdığı cümlələr bu gün adamın qarşısına tamam başqa rəngdə çıxır. O vaxt sadəcə ədəbiyyat kimi oxuduğumuz sözlər indi bir insanın iç dünyasına açılan pəncərə təsiri bağışlayır.

2010-cu ildə yazdığı “Bilmədiklərim haqda bildiklərim” şeirində belə deyirdi:

“Həyat arzusu və ölüm qorxusu…

Ölməkdənmi ləngidir,

Əbədiyyətmi alır?

Bilinmir!”

Sonra soruşurdu:

“Sən hələ ki dözürsən!

Mən hələ ki dözürəm!

Biz hələ ki dözürük…”

Bu gün həmin misraların qarşısında dayananda adamın içindən min sual keçir.

Nəyə dözürdü Rüfət? Nə qədər dözürdü? Nəyi içində daşıyırdı? Kimə demədiyi sözləri kağıza yazırdı?

Bəlkə də bunların heç birinin cavabını heç vaxt bilməyəcəyik. Çünki insanın içində baş verən ən böyük hadisələr çox vaxt səssiz olur. Və heç kim eşitmir. Rüfətin “Gülməkdən ölmək” adlı şeiri isə bu gün xüsusilə ağır oxunur.

Şeirin əvvəli belə başlayırdı:

“Bu gecə, yuxumda gördüm ki, ölmüşəm

və məzarımın üstündə ağlayanlara tamaşa edirəm.”

Sonra isə:

“Qəbrim üstə ağlamayın, mən gülməkdən ölmüşəm!”

Bu misraları illər əvvəl oxuyan adam bəlkə də sadəcə poetik bir obraz görürdü. Bu gün isə həmin cümlələr adamın ürəyinə toxunur. Amma burada bir həqiqəti də unutmaq olmaz: bir yazıçının ölüm haqqında yazması onun öz ölümü ilə bağlı planının sübutu deyil. Şairlər ölüm haqqında çox yazırlar. Yazıçıların işi bəzən insanın ən qaranlıq yerlərinə işıq salmaqdır. Rüfət də öz qaranlığını yazıya çevirirdi. Bəlkə də onun ən böyük istedadı elə bu idi. O, dərdini qışqırmırdı. Yazırdı.

Başqa bir yazısında belə bir cümləsi var:

“Heç özüm də bilmirəm, mən niyə var olduğumu hələ də hiss etmirəm…”

Bu cümlə insanı saxlayır. Oxumağa davam etməyə qoymur. Bir az dayanırsan. Bir az düşünürsən. Sonra yazının davamında onun həyatla mübarizə aparan başqa tərəfini görürsən. O, eyni mətnin içində deyir ki, ayaqlarında hələ güc var və o ayaqlar “sürünən ruhunu” da daşıya bilir. Deməli, Rüfət yalnız ölüm haqqında yazmırdı. O, yaşamaqla mübarizə aparırdı. Bəlkə də bütün yazıları elə bu mübarizənin özüdür. Bir tərəfdə həyat arzusu, o biri tərəfdə ölüm qorxusu. Bir tərəfdə sevgi, o biri tərəfdə tənhalıq. Bir tərəfdə gülüş, o biri tərəfdə insanın heç kimə göstərmədiyi iç ağrısı.

Rüfət bütün bunların arasında yazırdı. Və bəlkə də buna görə onun sözləri bu gün bizə daha yaxın gəlir.

Rüfətin yazılarında bir başqa ifadə də var:

“İnsanlar içində tənha və avarə qaldım”.

Bəlkə insanın ən böyük tənhalığı tək qalmaq deyil. İnsanların içində olub yenə də özünü tək hiss etməkdir. Səninlə danışanlar olur. Sənə gülənlər olur. Səni tanıyanlar olur. Amma heç biri sənin içindəki o bircə cümləni eşitmirsə, yenə də təksən. Bəlkə Rüfət də öz sözlərinin içində belə bir tənhalıq gəzdirirdi. Bəlkə də yox. Bunu heç vaxt dəqiq bilməyəcəyik. Çünki insan gedəndən sonra onun yazdıqlarına baxıb həyatını izah etməyə çalışmaq çox asandır. Amma insan sağ ikən onun susduğu yerləri görmək daha çətindir.

Ruhun şad olsun, Rüfət. Allah etdiyin günahlarını bağışlasın!!! Yerin üstündə rahatlıq tapmayan Rüfət, yerin altında rahat yat...”