Rayonlarda əkin sahələrini kimlər və niyə yandır?

Rayonlarda əkin sahələrini kimlər və niyə yandır? Gündəm

Son günlər Azərbaycanda müxtəlif rayonlarda baş verən yanğınlarla bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. Bir sıra bölgələrdə əkin sahələrinin və açıq sahələrin yandırılması halı qeydə alınır. Belə ki, yanğınların təsadüfən deyil, qəsdən törədilməsi nəticəsində baş verdiyi bildirilir. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar zamanı Ağsu, Cəlilabad, Sabirabad və Saatlıda yanğın törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bəzi hadisələrdə ərazini yandırdıqdan sonra şübhəlilərin hadisə yerindən uzaqlaşması anları da görüntülənib.

Maraqlıdır, bu yanğınları kimlər və niyə törədir?

Məsələ ilə bağlı News24.az-a danışan aqrar məsələlər üzrə ekspert Allahverdi Mustafayev bildirib ki, əkin sahələrində məhsul qalıqlarının, xüsusilə də kövşənliyin yandırılması əsasən məlumatsızlıq və savadsızlıqdan irəli gəlir:

"Bəzi insanlar kövşənliyin yandırılmasından sonra yaranan külün torpağı minerallarla zənginləşdirdiyini düşünür. Lakin bu yanaşma yanlışdır. İnsanlar fikirləşirlər ki, kövşənliyi yandırdıqdan sonra kül qalacaq, mineral maddələr torpağa keçəcək və nəticədə torpaq zənginləşəcək. Amma nəzərə almırlar ki, yanğın zamanı ilk növbədə torpağın su ehtiyatına ciddi zərər dəyir. Xüsusilə taxıl sahələrində torpaqda nəmlik çox vacib amildir”.

O qeyd edib ki, yanğın torpaqdakı faydalı mikroorqanizmləri də məhv edir:

“Torpaqda qida maddələrinin çevrilməsində ən mühüm rolu mikroorqanizmlər oynayır. Onlar üzvi qalıqları parçalayır, çürüdür və bitkilərin mənimsəyə biləcəyi formaya gətirirlər. Kövşənlik yandırıldıqda isə üzvi maddələr yanaraq məhv olur, yalnız mineral hissə qalır”.

Ekspert vurğulayıb ki, əkin sahələrində qalan bitki qalıqlarının yandırılması əvəzinə onların torpağa qarışdırılması daha faydalıdır:

"Bu halda həm mineral maddələr torpaqda qalır, həm də üzvi qalıqların parçalanması nəticəsində torpağın münbitliyi artır. Kövşənlik torpağın altına çevrildikdə və ya təbii şəkildə çürüdükdə həm mineral, həm də üzvi maddələr torpaqda qalır. Bu proses torpağın münbitliyinin qorunmasına və artırılmasına xidmət edir”.

Kövşənliyin yandırılması isə torpağın illər ərzində formalaşmış münbitliyinə ciddi zərər vurur:

“Bu, sadəcə, bir sahənin yandırılması deyil. Torpağın üst qatındakı üzvi maddələr, faydalı mikroflora və uzun illər ərzində formalaşan münbitlik məhv edilir. Ona görə də kövşənliyin yandırılmasına qəti şəkildə yol verilməməlidir. Bunun qadağan olunmasını tamamilə doğru hesab edirəm”.