2 saylı Doğum Evində ana həyatını itirdi, əkizlər sağ qaldı - Yeniləndi

2 saylı Doğum Evində ana həyatını itirdi, əkizlər sağ qaldı  - Yeniləndi Hadisə

Bakıda ana doğuş zamanı ölüb.

News24.az xəbər verir ki, hadisə martın 15-də baş verib.

Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Mirzəyevanın Sabunçu rayonu 2 saylı Doğum evində doğuş zamanı öldüyü bildirilir.

Araşdırma aparılır. (Apa)

****

"1973-cü il təvəllüdlü şəxs mart ayının 10-da Sabunçu Tibb Mərkəzinin nəzdində olan 2 saylı Doğum Evinin Patologiya şöbəsinə süni mayalanmadan (EKM) sonrakı hamiləlik, 34 həftə 4 günlük hamiləlik, vaxtından əvvəl doğuş təhlükəsi səbəbilə hospitalizasiya olunub".

Bu barədə News24.az -ın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, pasiyentin kliniki, laborator müayinələri aparılıb, hipotenziv müalicə fonunda nəzarətdə saxlanılıb:

"14.03.2026-cı il tarixində saat 10:00 radələrində döl sularının axması səbəbilə xəstə əməliyyat blokuna köçürülüb və saat 10:30-da əməliyyata götürülüb.

Əməliyyat zamanı çəkisi 2 100 qram, boyu 47 sm. olan oğlan, çəkisi 2 050 qram, boyu 46 sm. olan qız dünyaya gəlib.

Zahı qadın Reanimasiya şöbəsinə köçürülüb. Əməliyyatdan 2 saat sonra hipotonik qanaxma baş verib, müvafiq müalicə tədbirləri görülüb. Daha sonra relaparotomiya və uşaqlığın ekstirpasiyası əməliyyatı icra olunub.

15.03.2026-cı il tarixində saat 01:30 radələrində xəstənin vəziyyəti qəfil pisləşib, boğulma, sianoz (göyərmə) və tənəffüs çatışmazlığı müşahidə olunub. Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, saat 02:30 radələrində xəstədə bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq.

Qeyd edək ki, yenidoğulmuşların müalicəsi davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir".