2023-cü ildə Azərbaycanda baş verən - ƏN ÖNƏMLİ HADİSƏLƏR
Hadisə
Başa çatmaqda olan 2023-ci il bir sıra mühüm hadisələrlə yadda qaldı. Dünya düzəninə yön verən siyasi hadisələrlə yanaşı, cəmiyyəti maraqlandıran sosial hadisələrə də şahidlik etdik. Azərbaycan 2023-cü ili vacib hadisələrlə xatırlayacaq.
News24.az ölkədə baş verən ən önəmli hadisələri təqdim edir:
İl ərzində baş verən ən böyük hadisə oktyabrın 15-də Azərbaycan bayrağının Xankəndidə dalğalanması idi. Bu, 19-20 sentyabr tarixlərində Qarabağda aparılan hərbi əməliyyatlardan sonra mümkün oldu. Lokal antiterror tədbirlərindən sonra Prezident İlham Əliyev bununla da Azərbaycanın öz suverenliyini bərpa etdiyini bildirdi. Tanınmamış “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını elan etdi.
İşğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol oyunu keçirilməsi bu ilin ən yadda qalan hadisəsi oldu. Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda “Qarabağ” və MOİK ilə üz-üzə gəlib. Xankəndidə tarixi oyunun qalibi "Qarabağ"komandası olub.
Azərbaycan ordusu konstitusiya quruluşunun bərpası məqsədilə sentyabrın 19-da Qarabağda antiterror əməliyyatına başlaması ilin ən mühüm siyasi hadisələrindən idi. Qarabağda qanunsuz erməni silahlı birləşmələri 24 saat davam edən əməliyyatdan sonra silahlarını yerə qoyub. Bundan sonra Azərbaycan inteqrasiya məsələlərini müzakirə etmək üçün Qarabağ ermənilərinin nümayəndələrini Yevlax şəhərinə dəvət edib.
Sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüşə Xankəndi-Ağdam marşrutundan istifadə edən erməni nümayəndələri Rusiya Sülhməramlı Qüvvələrinin rəsmiləri və Azərbaycan Polisinin müşayiəti ilə gəldilər. Tarixi toplantı Qarabağa yaxın ərazidə yerləşən Yevlax Rayon İcra Hakimiyyətində keçirildi. Danışıqlarda Azərbaycan tərəfdən prezident İlham Əliyevin Qarabağdakı ermənilərlə təmaslara məsul nümayəndəsinin müavini Ramin Məmmədov, Qarabağ ermənilərini təmsil edən David Melkumyan və Sergey Martirosyan və Rusiya Sülhməramlı Qüvvələrinin rəsmisi iştirak edib.
Əsir saxlanılan Aqşin və Hüeynin qaytarılması ilin ən sevincli hadisəsi oldu. Aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.
Millət vəkili Fazil Mustafanın evinə gedərkən silahlı hücuma məruz qalaraq yaralanması isə 2023-cü ilin sui-qəsd hadisəsi idi. Deputat ona edilən sui-qəsdin sifarişinin İrandan gəldiyini bildirdi və bunu İranla bağlı səsləndirdiyi tənqidi fikirlərlə əlaqələndirdi. Bu, son illərdə siyasi-ictimai xadimə qarşı edilən ilk sui-qəsd idi.
2023-cü ildə baş verən digər ən mühüm hadisə silahlı şəxsin Azərbaycanın İrandakı səfirliyinə hücum etməsi oldu. Bir nəfərin ölümü ilə nəticələnən hücum iki ölkə arasında diplomatik gərginliyi pik həddə çatdırsa da, ilin sonuna yaxın münasibətlərdə yumşalma müşahidə edildi.
İlin qorxudan hadisəsi isə Bakının Xətai rayonundakı "Bravo" marketdə baş verən silahlı hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanması idi. Hadisəni əks etdirən video görüntülərdən belə müşahidə olunur ki, hücum inkassator aparatına pul götürmək üçün edilib.
İlin ən çox müzakirə edilən hadisəsi "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirlinin qəzaya düşməsi idi. N. Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Hadisə nəticəsində blogerin qolu dirsəkdən amputasiya edilib. Hadisə nəticəsində Nicat Şakirlinin dostu Ruslan Məmmədov həyatını itirib.
Qumral Əliyeva