80 kənd işıqsız qaldı
Hadisə
Lerikə yağan güclü qar səbəbindən xeyli kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
News24.az xəbər verir ki, rayon mərkəzində qarın hündürlüyü 40 sm, dağlarda isə 80 sm-ə çatıb.
Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, hazırda Lənkəran-Lerik yolu açıqdır:
“Kəndlərin rayon mərkəzi ilə əlaqəsi hündür nəqliyyat vasitələrilə həyata keçirilir. Təbii qaz, su təchizatında hər hansı problem olmasa da, elektrik enerjisinin verilişində müəyyən fasilələr yaranıb.
Səhər saatlarında 35/10 kv-luq hava xəttində qeydə alınan nasazlıq aradan qaldırılıb. Amma hazırda 80 kənddə elektrik enerjisində fasilə yaranıb. Günün sonuna kimi həmin kəndlərə elektrik enerjisinin verilişinin bərpa olunması istiqamətində işlər aparılır”.
Qeyd edək ki, hazırda rayon ərazisində güclü qar davam edir.