Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var - YENİLƏNDİ
Hadisə
Ağstafada mikroavtobusla minik avtomobili toqquşub.
News24.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "VAZ-2106" markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Qeyd edək ki, "Mercedes Vito"nun sürücüsü Ağstafa-Bakı marşrutu üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğul olurmuş. (Qafqazinfo)
13:20
Martın 24-ü saat 12:15 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 2 nəfər (1 kişi, 1 qadın) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə News24.az -ın sorğusuna cavab olaraq Ağstafa və Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Alının sağ yarısının sıyrılmış yarası diaqnozu təyin olunan 1978-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə üçün evə buraxılıb.
1972-ci il təvəllüdlü şəxsə isə (kişi) qapalı kəllə-beyin travması, sol körpücük sümüyünün çiyin oynağından çıxığı diaqnozları təyin edilib. Şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilən şəxs öz istəyi ilə saat 12:50 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Müalicəsi Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir.