Aktau faciəsi üzrə araşdırma davam edir – yekun hesabat açıqlanacaq
Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları (AZAL)” QSC-yə məxsus təyyarənin Aktau hava limanı yaxınlığında baş vermiş qəzası ilə bağlı araşdırmanı davam etdirir.
News24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Hazırda AZAL aviaşirkətinə məxsus Embraer 190 (4K-AZ65) təyyarəsi ilə bağlı aviasiya hadisəsinin araşdırılması üzrə komissiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının Konvensiyasının 13-cü əlavəsində müəyyən olunmuş standart və tövsiyələrə uyğun olaraq fəaliyyətini davam etdirir”, – deyə nazirlikdən bildirilib.
Bu açıqlama Rusiya və Azərbaycanın xarici siyasət qurumlarının bəyanatlarından sonra araşdırmanın davam edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq verilib.
Qurum vurğulayıb ki, araşdırma başa çatdıqdan sonra yekun hesabat Qazaxıstan Nəqliyyat Nazirliyinin rəsmi saytında dərc olunacaq.
“Hesabatda aviasiya hadisəsinin səbəbləri, həmçinin komissiyanın nəticə və tövsiyələri öz əksini tapacaq”, – deyə nazirlik qeyd edib.
Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan AZAL-a məxsus Embraer təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin (onlardan 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı) və 5 heyət üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər, o cümlədən 3 uşaq sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Qroznı üzərində, Rusiya hava məkanında baş vermiş fiziki və texniki xarici təsir nəticəsində qəzaya uğrayıb.
2026-cı ilin aprel ayında Azərbaycan və Rusiya bu faciənin nəticələrinin aradan qaldırılması, o cümlədən zərərçəkənlərə və həlak olanların ailələrinə kompensasiya ödənilməsi ilə bağlı razılığa gəliblər. /TASS/