Ankarada dəhşətli qəza: Avtobus körpüyə çırpıldı, ölənlər var - Foto
Hadisə
Türkiyənin paytaxtı Ankarada sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, Ankara–İstanbul magistralında qeydə alınan qəza nəticəsində 4 nəfər həlak olub, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə Ankara–Kızılcahamam marşrutu üzrə hərəkət edən özəl ictimai avtobusun idarəetmədən çıxması nəticəsində baş verib. Sürücünün nəzarəti itirməsi ilə nəqliyyat vasitəsi böyük sürətlə yol ötürücüsünün (körpünün) beton dayağına çırpılıb.
Hadisə yerinə dərhal çox sayda polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb edilib. Xilasedicilərin köməkliyi ilə avtobusda sıxılıb qalan yaralılar çıxarılaraq ətrafdakı xəstəxanalara təxliyə olunublar.
Həlak olanların meyitləri müayinə üçün Məhkəmə Tibbi Ekspertiza Qurumuna göndərilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən qəzanın dəqiq səbəbləri, o cümlədən sürücünün vəziyyəti və texniki nasazlıq ehtimalları araşdırılır.