“Avtobus dayanacağında durduğun yerdə avtobus belindən keçə, körpü başına düşə bilər”
Hadisə
“Bakıda təcili tibbi yardım maşını batıb. Hara gedirdi? Mebel sexində baş vermiş partlayışda xəsarət alan vətəndaşlarımıza kömək etməyə. Baxın, paytaxtımızda maşın batıb. Ucqar dağ kəndində, yolsuzluqda, yiyəsizlikdə yox, paxtaxtımızda! Daha nəyi danışaq, nəyi izah edək?”
News24.az Pravda.az-a istinadla xəbər verir ki, bu sözləri tanınmış psixoloq Nizami Orucov deyib.
“Artıq 7 nəfərin həyatını itirdiyi məlum olub. Yeddi nəfər səhər evindən çıxıb, heç nə düşünmədən, heç bir təhlükə gözləmədən pul qazanmaq üçün işə gedib. Partlayışın səbəbi nə olacaq? Əlbəttə ki, insan faktoru. Fərqi yoxdur, fəhlə, usta, müdir, rəhbər... Hər kəsin özünə aid olduğu bir yer var. Bizim ölkədə isə o yerlər səhv düşüb. Buna görə belə uyğunsuzluqlar, belə hadisələr baş verir. Doğum evində yanğın, mebel sexində partlayış... Avtobus dayanacağında durduğun yerdə avtobus belindən keçə, körpü başına düşə bilər. Fərqi yoxdur, nə qədər misal çəkirsinizsə, çəkin. Belə hadisələr xaricdə də olur, aydın məsələdir. İnkişaf etmiş ölkələrin hamısında olmasa da, bəzilərində olur. Hamısının arxasında insan faktoru durur. Bizdə isə məsələ daha acınacaqlıdır. Çünki məsuliyyət millət olaraq bizdə hələ formalaşdırılmayan bir xüsusiyyətdir. Hər kəsin gördüyü işə görə məsuliyyət daşıması, özünə uyğun yerdə olub-olmaması məsələsi var. Allah ölənlərə rəhmət eləsin. Yaralılara isə şəfa diləyirəm. Ümid edirəm ki, bundan sonra dağıntılar, tələfatlar millətimizdən uzaq olar”, - o bildirib.