Azərbaycanda alim vəfat etdi

Azərbaycanda alim vəfat etdi Hadisə

Azərbaycan kimya elminin tanınmış nümayəndəsi, AMEA-nın müxbir üzvü, "Şöhrət” ordeni laureatı, Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmış professor Mustafa Səttar oğlu Salahov yanvarın 18-də vəfat edib.

News24.az xəbər verir ki, tanınmış alim 95 yaşında dünyasını dəyişib.

Mustafa Salahov 29 avqust 1931-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə Qorki Dövlət Universitetini fiziki-kimya ixtisası üzrə bitirib. 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunun aspiranturasına daxil olub, akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə 1964-cü ildə namizədlik, 1974-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1976-cı ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Əmək fəaliyyətinə 1955-ci ildə Sumqayıt "Sintetik kauçuk” zavodunda başlayan alim, sonrakı illərdə bir sıra elmi laboratoriyaların yaradılmasında və idarə olunmasında mühüm rol oynayıb. 1974–1977-ci illərdə Xlorüzvi Sintez İnstitutunda (indiki Polimer Materialları İnstitutu) elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 1993–1994-cü illərdə Türkiyənin Mərmərə Araşdırmalar Mərkəzində (TÜBİTAK) elmi fəaliyyət göstərib. Uzun illər Polimer Materialları İnstitutunda "Monomerlərin və polimerlərin stereokimyası” laboratoriyasına rəhbərlik edib.

Mustafa Salahovun elmi tədqiqatları əsasən karbohidrogenlərin xlorlaşma və oksixlorlaşma reaksiyaları, dioksinlərin əmələ gəlməsinin qarşısının alınması, Dils-Alder reaksiyalarının stereokimyası və mexanizmi, eləcə də yanmayan poliimid materialların sintezi kimi istiqamətləri əhatə edib.

Alim 1100-dən artıq elmi əsərin, o cümlədən 200-ə yaxın müəlliflik şəhadətnaməsi və patentin müəllifi olub, sənayedə tətbiq edilmiş 5 kimyəvi prosesin yaradılmasında iştirak edib. O, həmçinin 12 kitabın müəllifidir. Onun rəhbərliyi ilə 4 elmlər doktoru, 31 fəlsəfə doktoru və 20 magistr dissertasiyası müdafiə olunub.

Akademik Yusif Məmmədəliyevin yaratdığı elmi məktəbin layiqli davamçılarından biri olan Mustafa Salahov Azərbaycan kimya elminin inkişafına mühüm töhfələr verib və ardıcıl elmi məktəb formalaşdırıb.

Alimin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 2004-cü ildə "Şöhrət” ordeni ilə təltif olunub, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Həmçinin bir sıra beynəlxalq mükafat və medallarla təltif edilib. (Qaynarinfo)

Azərbaycanda alim vəfat etdi