Bakıda 2 nəfərin ölümünə səbəb olan “KamAZ” sürücüsünə bu cəza verildi

Bakıda 2 nəfərin ölümünə səbəb olan “KamAZ” sürücüsünə bu cəza verildi Hadisə

Bakıda iki nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı hökm çıxarılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, ağır qəzanı törətməkdə təqsirli bilinən 72 yaşlı Firudin Qasımov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən cəza təyin edilib.

Məlum olub ki, hadisə günü Firudin Qasımov Xocasən–Kölbatan yolunda “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən manevr qaydalarını pozub və “Toyota Prius” markalı avtomobili vurub. Bildirilib ki, o, toqquşmadan sonra avtomobili xeyli məsafə sürükləyib.

Nəticədə “Toyota Prius”da olan şəxslərdən 36 yaşlı N. Qəhrəmanov və daha bir nəfər ölüb. Avtomobilin sürücüsü və digər sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı qəzaya düşən “Prius” markalı avtomobildə ölən şəxslərin taksi müştəriləri olduğu da müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Firudin Qasımov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi qərara alınıb.

Yaşar Araz