Bakıda partlayışa görə cinayət işi açılan rəisə bəraət verildi

Bakıda partlayışa görə cinayət işi açılan rəisə bəraət verildi Hadisə

Bakının Yasamal rayonunda "Azəristilik" ASC-yə məxsus qazanxanada baş vermiş partlayışa görə sahə rəisinə cinayət işi açılıb.

News24.az- ın əldə etdiyi məlumata görə, İnşaatçılar prospektində baş vermiş partlayışa görə ASC-nin sahə rəisi 1981-ci il təvəllüdlü S.Əliyev Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq - zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Məlum olub ki, bu partlayış çoxsaylı avtomobillərin zərər görməsinə, bir neçə obyektin dağılmasına və 1 nəfərin xəsarət almasına səbəb olub.

Belə ki, səhər saat 4 -də qazanxanadakı suqızdırıcı qazanların təhlükəsizlik cihazlar və qoruyucu qurğularla təmin edilmədiyinə görə baş verən partlayışın fəsadları olaraq qazanxananın bir hissəsi tamamilə dağılıb və istismara yararsız vəziyyətə düşüb. “Azəristiliktəchizat" ASC-nin 141 nömrəli qazanxana binasına 24.974 manat ziyan dəyib. Qazanxananın əməliyyatçısı isə yanıq xəsarətləri alıb.

Eləcə də, zərbə dalğasından ətrafa səpələnən daş və digər tikinti materialları yaxın ətrafdakı əmlakları zədələyib. “AG Telekom" MMC-nin yerləşdiyi inzibati binaya 39.690 manat, MMC-yə məxsus “Mercedes-Benz s class" markalı avtomobilə 10.800 manat, “BMW 740" markalı avtomobilə isə 2500 manat zərər dəyib.

Bundan başqa qazanxananın ətrafindakı binanın həyətində park edilmiş “Toyota Prius", “Hyundai İX 35“, “Toyota Prius”, “Toyota Rav 4”, “Volkswagen Polo”, “Volksvagen İ16”, “Toyota Prius”, “Honda HNS1”, “Fiat Fiorin”, “Nissan Urvan”, “Toyota RAV-4”, “Kia Optima”, “Kia Sportage”, “Kia Picanto”, “Mercedes Benz E220 CDİ”, “Mercedes B200”, “Chevrolet Cruze”, “BMW 740”, “Kia Cadenza”, “Fiat Abarth”, “Kia Sportage” markalı avtomobillərin hər birinə xeyli miqdarda ziyan dəyib.

Cinayət işinin materialları baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə sahə rəisi özünü günahkar bilməyib.

Yasamal Rayon Məhkəməsi də onun günahının sübuta yetirilmədiyi qənaətinə gələrək S.Əliyevə bəraət verib.

Yaşar Araz