Bakıda xanım müştərinin nömrəsini yayan taksi sürücüsü həbs edildi

Bakıda xanım müştərinin nömrəsini yayan taksi sürücüsü həbs edildi Hadisə

Bakıda taksi sürücüsünün xanım müştərinin mobil nömrəsini yayaraq onu narahat etməsi ilə bağlı fakt üzrə həbs qərarı verilib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. 21-ci Polis Bölməsinə müraciət edən qadın tanımadığı taksi sürücüsünün onu biabır etməyə çalışdığını bildirib.

Araşdırmalar zamanı müəyyən edilib ki, şikayət olunan şəxs paytaxtda fəaliyyət göstərən taksi şirkətlərindən biri ilə əməkdaşlıq edən, Şabran rayonunun Şahnəzərli kənd sakini, 1997-ci il təvəllüdlü Vahid Əşrəfovdur (şərti ad). Məlumata görə, bir neçə gün əvvəl o, qadının sifarişini mobil tətbiq vasitəsilə qəbul edib, lakin sifariş sonradan ləğv olunub. Bu səbəbdən V.Əşrəfov qadının mobil nömrəsini “Telegram” platformasında əxlaqsız şəxs kimi paylaşaraq yayım edib.

Bundan sonra qadının telefonuna tanımadığı nömrələrdən zənglər daxil olmağa başlayıb. Baş verənlərin səbəbini anladıqdan sonra zərərçəkən polisə müraciət edib.

Polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilən taksi sürücüsü məhkəməyə təqdim olunub. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə V.Əşrəfov barəsində 15 sutka inzibati həbs cəzası seçilib.

Yaşar Araz