Bakıda xanım sərnişinə eşq elən edən taksi sürücüsü cərimələndi

Bakıda xanım sərnişinə eşq elən edən taksi sürücüsü cərimələndi Hadisə

Bakıda taksi sürücüsünün xanım sərnişini narahat etməsi faktı ilə bağlı araşdırma aparılıb və sürücü barəsində inzibati tədbir görülüb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Əfsanə adlı (şərti ad) gənc qadın Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək tanımadığı taksi sürücüsünün onu narahat etdiyini və şəxsi münasibət qurmaq istədiyini bildirib.

Araşdırma zamanı müəyyən edilib ki, 2001-ci il təvəllüdlü Sənan Həsənov bir neçə gün əvvəl Əfsanənin sifariş etdiyi taksi xidmətini həyata keçirib. Daha sonra mobil tətbiq vasitəsilə əldə etdiyi telefon nömrəsindən istifadə edərək qıza mesajlar yazıb, ona qarşı hisslərini ifadə edib və münasibət qurmayacağı təqdirdə biabır etməklə hədələyib.

Xuliqanlıq xarakterli hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılan Sənan Həsənov barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 24 yaşlı taksi sürücüsü 50 manat məbləğində cərimə olunub.

Yaşar Araz