"BakuBus" sürücüsü avtobusu sürməkdən imtina etdi - Səbəb araşdırılır
Hadisə
“BakuBus” MMC-yə məxsus 2 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobusun sürücüsü nəqliyyat vasitəsini idarə etməkdən imtina edib. Məlumata görə, sürücü yaranmış vəziyyətlə bağlı sərnişinlərlə mübahisəyə girib və nəticədə avtobusun hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Mövzu ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, "BakuBus" MMC-nin istismarında olan avtobusların sürücüləri sərnişinləri marşrut üzrə son mənzilə çatdırmaq öhdəliyini daşıyırlar və bu, onların əsas vəzifələrindən biridir: "Eyni zamanda, sürücülərdən hərəkət zamanı səbirli, təmkinli davranış nümayiş etdirmələri, etik normalara və təhlükəsizlik qaydalarına əməl etmələri tələb olunur.
Lakin bəzi hallarda sürücü ilə sərnişin arasında baş verən insidentlər zamanı sürücünün özünü pis hiss etməsi, emosional gərginlik yaşaması kimi hallar da müşahidə edilə bilər. Belə vəziyyətlərdə təlimata əsasən sürücü təhlükəsizliyin təmin edilməsi məqsədilə avtobusu saxlayaraq Monitorinq Mərkəzinə məlumat verir və hadisə qeydə alınır. Bu kimi hallar dərhal araşdırılır, avtobusdaxili videomüşahidə kameralarının görüntülərinə baxılır və məsələ hərtərəfli qiymətləndirilir.
Sorğunuzda qeyd olunan məsələ ilə bağlı bildiririk ki, sürücü ilə sərnişin arasında baş vermiş mübahisə zamanı sürücü 102 xidməti ilə əlaqə saxlamış, təxminən 15–20 dəqiqə sonra isə hərəkətini bərpa etmişdir. Qeyd etdiyimiz kimi, məsələ avtobusdaxili videomüşahidə kameralarının görüntüləri əsasında araşdırılacaq. Araşdırma yekunlaşdıqdan sonra hadisə ilə bağlı ətraflı qiymətləndirmə aparılacaq və əlavə məlumat təqdim ediləcəkdir.
Eyni zamanda, ictimai nəqliyyatdan istifadə zamanı mövcud qaydalara riayət olunmasını, sürücülərin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı əlavə suallar və mübahisələr yaradılmamasını, eləcə də sürücülərin daşıdığı yüksək məsuliyyətin nəzərə alınmasını xahiş edirik".