"Dəfnə hazırlaşanda uşaq ayıldı..." - Valideynlər həkimləri ittiham edir
Hadisə
Dünən Bakıda xəstəxanalardan birində öldüyü deyilən körpənin dəfn üçün Ağcabədiyə aparılarkən sağ olduğu müəyyənləşib. Hadisə rayonunun Yeni Qaradolaq kəndində qeydə alınıb.
Belə ki, 9 aylıq kənd sakini Elif Pərviz qızı İsgəndərli bir müddət Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. Lakin onun vəziyyəti ağırlaşdığı üçün Bakıda yerləşən özəl xəstəxanalardan birinə göndərilib.
Aparılan tibbi müdaxilələrə baxmayaraq, körpənin xəstəxanada vəfat etdiyi bildirilib. Bundan sonra ailə üzvləri Elifin cənazəsini dəfn etmək məqsədilə doğulduğu Yeni Qaradolaq kəndinə gətiriblər.
Dəfn üçün hazırlıq işləri görülən zaman körpədə həyat əlamətləri müşahidə olunub və o, ayılıb. Təxminən 3 saat yaşadığı bildirilən körpə daha sonra yenidən vəfat edib.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
News24.az həmin uşağın fotolarını təqdim edir: