Nərimanovda ağacların kəsilməsi ilə bağlı rəsmi AÇIQLAMA
Hadisə
Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında piyada səkisində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi məqsədilə Nərimanov rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olub.
Bu barədə News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
O, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında ağacların kəsilməsi ilə bağlı yayılan görüntülərlə əlaqədar bildirib ki, Agentliyin mütəxəssisləri tərəfindən sözügedən yaşıllıqlara baxış keçirilib və 12 göyrüş ağacının köküstə quru vəziyyətdə olduğu müəyyən edilib:
"Ağaclar xüsusi identifikasiya etiketi ilə qeydiyyata alınaraq inventarlaşdırılıb. Daha sonra ağacların götürülərək əvəzinə ərazidə yeni tinglərin əkilməsi şərti ilə rəy verilib”.
İ.İbrahimovanın sözlərinə görə, quru ağacların götürülməsi işləri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən həyata keçirilib.