Qadın ailəsini atıb sevgilisi ilə qaçdı - Qardaşı tapıb bıçaqladı

Qadın ailəsini atıb sevgilisi ilə qaçdı - Qardaşı tapıb bıçaqladı Hadisə

Qubada bacısına 8 bıçaq xəsarəti yetirərək onu öldürməyə cəhd edən Laçın rayon sakini M.Məhərrəmova hökm oxunub.

News24.az -ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi üzrə təqsirli bilib.

İstintaqla müəyyən edilib ki, M.Məhərrəmovun bacısı Ş.Kərimova hadisədən 3 gün əvvəl ailəsini qoyaraq Elməddin adlı Quba sakininə qoşulub qaçıb.

Onun ərini və 2 yeniyetmə övladını ataraq başqa biri ilə getməsi qardaşında hiddət doğurub və M.Məhərrəmov bacısını cəzalandırmaq üçün rayona yollanıb.

O, Qubanın Xucbala kəndində bacısını qaçıran Elməddin adlı şəxsin evini tapıb. Küçədə zibil atıb evə qayıdan bacısına hücum edərək ona 8 bıçaq zərbəsi endirib. Qadının öldüyünü düşünən M. Məhərrəmov dərhal oradan uzaqlaşıb. Lakin xəstəxanaya çatdırılan Ş.Kərimovanın həyatı xilas edilib.

Müəyyən edilib ki, cinayəti törədən 1994-cü il təvəllüdlü M.Məhərrəmov Vətən müharibəsi qazisidir. O, “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Məhkəmədə Ş.Kərimova qardaşından şikayətçi olmadığını deyib və cəmi 1 dəfə yüngül bıçaq zərbəsi aldığını iddia edib. O, qardaşının azadlığa buraxılmasını istədiyini bildirib: “Qardaşım müharibədən sonra çox tez əsəbiləşir. Ona görə də ona qarşı heç bir iddiam, ondan heç bir şikayətim yoxdur”.

Məhkəmənin hökmü ilə M.Məhərrəmov 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi 2025-ci ilin sentyabrında baş verib. Məhkəmə prosesi isə bu ilin martında başa çatıb.