Rusiyada məktəbdə atışma - YARALILAR VAR
Hadisə
Krasnodarın Qulkeviçi rayonunda yerləşən məktəblərdən birində atışma olub.
News24.az xəbər verir ki, doqquzuncu sinif şagirdi pnevmatik silahla şagirdlərə atəş açıb.
Hadisə nəticəsində iki şagird xəsarət alıb.
Vilayətin qubernatoru Venyamin Kondratyev bildirib ki, uşaqlara xəstəxanada operativ şəkildə bütün lazımi tibbi yardım göstərilir: "Həkimlər onların vəziyyətini qənaətbəxş hesab edirlər. Bundan əlavə, Səhiyyə Nazirliyi həmin şagirdlərə və onların valideynlərinə psixoloji yardım göstərilməsi üçün mütəxəssislər ayırıb”.
Qubernator əlavə edib ki, məktəb rəhbərliyi və mühafizə xidməti ilə bağlı yoxlama aparılacaq: "Şagirdin məktəbə necə silah gətirməsi aydınlaşdırılmalıdır. Məktəb rəhbərliyi və mühafizə təşkilatı ilə bağlı yoxlama aparacağıq. Artıq Təhsil Nazirliyinin komissiyası işə başlayıb”, – deyə o vurğulayıb.
Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsinin mnəlumatına görə, operativ-axtarış tədbirləri nəticəsində məktəbli Qulkeviçi şəhərinin küçələrindən birində polis tərəfindən saxlanılıb. O, penvmatik tapançanı alış-veriş platformalarının birindən anasının köməkliyi ilə alıb: "Hazırda məktəbli polis şöbəsindədir, ondan pnevmatik tapança götürülüb. Hadisənin başvermə şəraiti araşdırılır".
Rusiya İstintaq Komitəsinin Krasnodar diyarı üzrə istintaq orqanları tərəfindən 16 yaşlı yeniyetmə barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb. /İnterfax/