Salyanda yetkinlik yaşına çatmayan qızı ərə vermək istədilər - YENİLƏNDİ
Hadisə
Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan News24.az-a verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub.
Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Planlaşdırılan toy məclisi isə təxirə salınıb.
10:37
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Salyan rayonunda erkən evliliklə bağlı aşkar edilmiş cəhdlə bağlı açıqlama yayıb.
Komitədən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, erkən evliliklə bağlı daxil olan məlumatlar əsasında yerli icra hakimiyyətləri yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar və rayon polis şöbələrinin səlahiyyətli nümayəndələri ilə koordinasiyalı fəaliyyət həyata keçirilir və bu kimi halların qarşısı alınır.
Qeyd olunub ki, Salyan rayonunda aşkar edilmiş erkən evlilik cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Təkrar risklərin aradan qaldırılması məqsədilə ailə Salyan Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən qeydiyyata götürülüb və müntəzəm monitorinqlərin aparılması planlaşdırılıb.
Komitə tərəfindən valideynlərin diqqətinə çatdırılıb ki, erkən evlilik halları Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət yaradır.