Tovuzda partlayış - Azyaşlı və digər iki nəfər yaralandı - YENİLƏNDİ 2

Tovuzda partlayış - Azyaşlı və digər iki nəfər yaralandı - YENİLƏNDİ 2 Hadisə

Tovuzda partlayış olub.

News24.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Z.Cəfərova məxsus evdə anidən partlayış olub. Nəticədə 3 nəfər ağır xəsarət alıb.

Yaralılar Bakı şəhərinə aparılıb. Xəsarət alanlar 1999-cu il təvəllüdlü C.Cəfərov, 2005-ci il təvəllüdlü T.Cəfərova və 2024-cü il təvəllüdlü F.Cəfərovdur.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Fakt araşdırılır. // Unikal

09:07


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Aşağı Quşçu kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış nəticəsində evə ziyan dəyib, üç nəfər xəsarət alıb.

Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

10:30


Martın 17-i saat 03:55 radələrində qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib:

"2024 təvəllüdlü azyaşlıya (kişi) bədənin II-III dərəcəli 15 faizlik termiki yanığı, 1997 və 2005-ci il təvəllüdlü şəxslərə isə bədənin II-III dərəcəli 40-60 faizlik yanığı diaqnozları təyin olunub.

Hər birinə zəruri ilkin tibbi yardım göstərilib, Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunublar".