“Bu qərar kredit faizlərinin aşağı düşəcəyinə təsir etməyəcək” - Vüqar Bayramov
    • 15-03-2019, 12:50
    • 1 116

“Bu qərar kredit faizlərinin aşağı düşəcəyinə təsir etməyəcək” - Vüqar Bayramov

Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı daha çox infilyasiya səviyyəsinin Mərkəzi Bank üçün tənzimlənən həddə qalması ilə bağlıdır.

Bunu News24.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov, Mərkəzi Bankın bu gün uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərarını şərh edərkən deyib.

V. Bayramov qeyd edib ki, Mərkəzi Bank birrəqəmli və aşağı infilyasiyanın əldə edilməsini hədəfləyib və bu da nəticə etibarı ilə uçot səviyyəsinə baxılıb dəyişiklik edilməsinə imkan verib: “Eyni zamanda Azərbaycanın xarici ticarət balansında da müsbət saldo qorunub saxlanılıb ki, bu da Mərkəzi Bank üçün alternativ əlavə rıçaqlar deməkdir. Güman olunmur ki, uçot səviyyəsinin azaldılması kredit faizlərinə ciddi təsir göstərəcək.

Çünki Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərindən istifadə edən bankların sayı çox azdır və banklar vəsaiti digər istiqamətlərdən cəlb edirlər, nəinki, Mərkəzi Bankın mərkəzləşmiş kredit resurslarından. Bu baxımdan uçot dərəcəsinin aşağı enməsi kredit dərəcələrinə iqtisadi yox, psixoloji təsir edəcək, deyə bilərəm.

İqtisadi baxımdan kredit faizlərinin aşağı düşəcəyinə təsir etməyəcək”. V. bayramovun sözlərinə görə, bu baxımdan Mərkəzi Bankın son qərarından sonra kredit faizlərinin aşağı düşəcəyi proqnozlaşdırılmır. Eyni zamanda, güman olunur ki, bu depozit faizlərinə təsir göstərəcək: “Mərkəzi Bankın uçot dərəcəsinin azalması fonunda kommersiya banklarının depozit faizlərinin azalması müşahidə olunur. Həm manat, həm də xarici valyutada cəlb edilən depozitlərin depozit faizlərinin aşağı düşməsi müşahidə olunur ki, bu proses son, xüsusən 2018-ci ildə daha sürətlə inkişaf etdi.

Bütün bunlarla yanaşı həm Mərkəzi Bank, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası çalışmalıdır ki, uçot səviyyəsinin azaldılması ilə bağlı qərar və digər addımlar bankların kredit faizlərinin aşağı düşməsinə gətirib çıxarsın. Bu baxımdan bütün addımlar fonunda hədəf banklarda kredit faizlərinin aşağı düşməsinə nail omaqdır”.   Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib.

Nigar MƏMMƏDLİ